Qəbələ RLS turistlərin ixtiyarına veriləcək?
11 Dekabr 2012 Çərşənbə Axşamı 22:44
Gələcəkdə hərbi obyektin təyinatının dəyişdiriləcəyi istisna deyil.
“Qəbələ RLS-in istismarının dayandırılması Azərbaycan- Rusiya arasında münasibətlərə mənfi təsir göstərməyəcək”. Bunu ANS-ə müsahibəsində Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib. Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında bütün sahələrdə sıx münasibətlər olduğundan bu məsələ heç bir əhəmiyyət kəsb etməyəcək.

Novruz Məmmədov stansiyanın başqa istiqamətlərdə istifadəsinin mümkün ola biləcəyini də qeyd edib. Qəbələ rayonu Azərbaycanda turizm zonası üçün əlverişli yer olduğundan, orada yerləşən RLS-in turizm obyekti kimi istifadə olunması istisna deyil.

Oxşar fikiri hərbi ekspert Cəsur Sümərinli də söyləyib: “Bina möhtəşəmdir. Ən azından binanın təyinatını dəyişmək olar. Onun görünüşü turistləri cəlb etməyə fürsət ola bilər”.

Millət vəkili Aydın Mirzəzadə isə gələcəkdə Qəbələ RLS-in strateji bir obyekt kimi istifadəsinə dair Rusiya tərəfi ilə danışıqların aparılacağını istisna etməyib.

Qeyd edək ki, Qəbələ RLS 1997-ci ildə Azərbaycan tərəfindən Rusiyaya 15 il müddətinə icarəyə verilmişdi. Azərbaycan Qəbələ RLS-in icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Bura icarə haqqının artırılması, RLS-in ekoloji təsirlərinin aradan qaldırılması üçün Rusiyanın əlavə pul ayırması, stansiyadaki azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların 3-cü dövlətə ötürülməməsi daxildir.

Xatırladaq ki, Rusiya tərəfi dünən Qəbələ Radiolokasiya Stansiyasının istismarına dair Azərbaycana nota təqdim edib. Rusiya Müdafiə Nazirliyi stansiyanın icarəsinin dayandırılmasına dair qərarını ilk növbədə bu obyektin praktiki istifadəsinin zəruri olmadığı ilə əlaqələndirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar