Onlar Azərbaycanda heç JEK müdiri vəzifəsinə də gələ bilməzlər
03 Aprel 2013 Çərşənbə 03:05
İcarə haqqını vermədiklərinə görə, icarədar müqaviləni pozur, bu məsələdə dövlətin adını hallandırmaq istəyirlər.
““El” hərəkatı heç vaxt konkret addım ata bilməyəcək, çünki sosial bazası yoxdur”. Bu barədə milli.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib. Onun sözlərinə görə, həmin təşkilatda yığışan adamlar Azərbaycan cəmiyyətində “yaxşı tanınan” adamlardır.

“Bunlar xalq qarşısında, dövlət qarşısında heç bir xidmətləri olmayan insanlardır. Bunlar şəxsi zəmində bir təşkilat yaradıblar və bu şəxsi maraqlarından irəli gələn bir məsələdir. Adının nə qoyulmasından asılı olmayaraq, eyni adamlardır. Bu təşkilatdan o təşkilata qaçır, o təşkilatdan bu təşkilata qaçır və müxtəlif şoular düzəldirlər”, - millət vəkili əlavə edib.

YAP rəsmisi bu təşkilatın adının konkret addımlarına görə deyil, müxtəlif işlərdə hallandığını xatırladıb. S.Novruzov hesab edir ki, bu cür hərəkətlər gündəmdə qala bilmək üçün atılan addımlardır.

“Məsələn, icarə haqqını vermədiklərinə görə, icarədar müqaviləni pozur. Bu məsələdə dövlətin adını hallandırmaq istəyirlər. Bütün bunlar gündəmdə qala bilməkdən ötrü atılan addımlardır”, - o qeyd edib.

Millət vəkili bildirib ki, bu təşkilatın hakimiyyətə gəlmək ehtimalı yoxdur: “Onların hakimiyyətə gəlmə ehtimalı sıfıra bərabərdir, hətta sıfırdan da aşağıdır. Ümumiyyətlə, onların Azərbaycanda “JEK” müdiri vəzifəsinə gəlmə ehtimalı da sıfıra bərabərdir. Yenə deyirəm, bunlar Azərbaycan cəmiyyətində “yaxşı tanınan” adamlardır. Bunlar başqa-başqa təşkilatlar yaradan, oradan bura, buradan ora qaçan, ara qarışdıran, ara vuran, bu cür işlərlə məşğul olan insanlardır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar