Kənd təsərrüfatı naziri İsmət Abasov Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov ötən gün “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının inzibati binasında Ucar, Kürdəmir, Zərdab, Ağdaş və Göyçay rayonlarının sakinləri ilə görüşüb.
Tədbirdə ölkəyə yeni gətirilən 20 kombaynın təqdimatı olub və görüş iştirakçıları “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının həyətində kənd təsərrüfatı texnikalarına baxış keçiriblər. Bölgə fermerləri nazirə, Finlandiyada istehsal olunmuş taxılyığan kombayn “Sampo” nun xərclərə qənaət etməklə yüksək məhsuldarlıqla işləməsindən razı olduqlarını deyiblər.
Görüşdə iştirak edən vətəndaşlar ilk olaraq ölkə başçısı İlham Əliyevə kənd əməkçilərinə göstərdiyi qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirib və prezidentin həyata keçirdiyi aqrar siyasətin bəhrəsi olaraq bu gün yanacağın, motor yağının, buğda və çəltik əkinlərinə, toxum və tinglərə görə subsidiyaların verilməsi ilə təmin olunduqlarını, həmçinin lizinq yolu ilə güzəştli şərtlərlə texnika və gübrələr aldıqlarını deyiblər.
Görüş iştirakçıları kənd təsərrüfatı məhsulları istehsalının ayrı-ayrı sahələrində qarşıya çıxan problemlərin bütün fermerlərinin ortaq problemi olduğunu qeyd edərək bunların həlli ilə bağlı aşağıdakı təkliflərini nazirin diqqətinə çatdırıblar:
-subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi;
-süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi. Süni mayalama texniklərinin gördükləri işlərin nəticəsinə görə əlavə həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi;
-torpaqların şoranlaşmasının qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;
-taxıl biçini zamanı biçinə gec başlayan rayonların kombaynları hesabına taxıl biçininin təşkili (aqrolizinq xətti ilə)
-kənd təsərrüfatı işçiləri üçün Sahibkarlığa Kömək Milli Fondundan verilən kreditlərin şərtlərinin sadələşdirilməsi. Kənd təsərrüfatı məhsulları istehsalçılarını kreditləşdirən ixtisaslaşdırılmış aqrar bankının yaradılması;
-çəltik üyüdən mini dəyirmanın lizinqə verilməsi;
-mal-qaranın otarılması üçün İsmayıllı rayonunda Dövlət Torpaq Fondundan əlavə yaylaq sahəsinin ayrılması;
-mineral gübrələrin qiymətlərinin 30-40% aşağı salınması. Mineral gübrələrin istehsalçılara “Aqrolizinq” ASC-i tərəfindən bilavasitə əkin sahəsində verilməsi;
-bələdiyyələrdə azyararlı torpaqlarda öz vəsaitləri hasabına yaxşılaşdırıb əkən istehsalçılara subsidiyaların verilməsi;
-fiziki şəxslər üşün kənd təsərrüfatı texnikasının ilkin ödəniş olmadan uzun müddətli lizinqlə verilməsi;
-Zərdab rayonu ərazisində yun emalı sexinin tikilməsinə köməklik göstərilməsi;
-Ağdaş rayonunda taxıl sahələrinin genişləndirilməsini, əkin sahələrinin artırılmasını nəzərə alaraq rayonda fəaliyyət göstərən “Aqrolizinq” ASC-nin Ağdaş Aqroservis filialına 4 ədəd taxılbiçən kombayn verilməsinə köməklik göstərilməsi;
-Kənd yerlərinin kompleks İnkişaf Layihəsi çərçivəsində torpaqların münbitliyinin və suvarılan torpaq sahələrinin artırılması, Sudan İstifadə Edənlər Birliyinin(SİEB) maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlərin sürətlənməsinə köməklik göstərilməsi.
Görüşdə kənd təsərrüfatı naziri ilə birlikdə nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri də iştirak ediblər. Bölgə rayonlarından olan 75 vətəndaşın müraciətlərinə baxılıb. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilmiş, müraciətlərin bir hissəsi isə yerindəcə həllini tapıb.
“Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasının inzibati binasının qarşısında nazirlə görüşə gəlmiş bölgə fermerlərinin rahatlığı üçün münbit şərait yaradılıb.