İnşaat materialları ucuzlaşıb
27 May 2013 Bazar Ertəsi 17:50
Ötən ayla müqayisədə ən çox qiymət azalması İran istehsalı olan rəngli və rəngsiz şüşə məhsullarında qeydə alınıb.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2013-cü ilin aprel ayında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə növbəti araşdırılma aparılıb.
Birlikdən ANS PRESS-ə verilən məlumata görə, aparılan təhlillərə əsasən bu ilin yanvar ayından başlayan qiymət artımı aprel ayında kəskin azalma ilə müşahidə olunub. İstər idxal, istərsə də ixrac məhsullarında çeşid bolluğunun hökm sürməsi aprel ayı üçün xarakterik olub.
Yerli istehsal üzrə qiymət dəyişiklikləri cüzi nəzərə çarpsa da, əsasən idxal materiallarında, xüsusilə dəmir və taxta məhsullarında əhəmiyyətli qiymət azalması müşahidə edilib. Qiymət fərqi daha çox Ukrayna istehsalı olan armatur (ötən aydakı 790 manata qarşı 760 manat olub), Rusiya istehsallı şveller, sink təbəqə və s.-də qeydə alınıb. Ötən ayda 1 kub.metri 235 manat olan taxta aprel ayında 2,1 faiz ucuzlaşaraq əvvəlki 230 manat qiymətinə düşüb. Dikt və DVP materiallarında da cüzi qiymət azalması baş verib. Ötən ayla müqayisədə ən çox qiymət azalması İran istehsalı olan rəngli və rəngsiz şüşə məhsullarında qeydə alınıb.
Beləliklə, ümumilikdə ötən ay daha çox 18 adda, 59 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. Heç bir məhsul üzrə qiymət artımı müşahidə edilməyib. Mövsümi amillərlə yanaşı, regionlarda davam edən tikinti-quruculuq prosesi aprel ayında da davam edib ki, bu da artan dinamikaya, alqı-satqı prosesinin canlanmasına səbəb olub. Araşdırılan materiallar üzrə qiymət dəyişməsi ümumi tikinti portfelində 2,61 faiz azalma təşkil edib. Qiymət azalması ilə yadda qalan bəzi tikinti materialları aşağıdakı cədvələ uyğun olub:
s/s Materialın adı ölçü vahidi miqdarı orta qiymət
1 Taxta kub.m 1 -2,1
1 Dikt ədəd 1 -0,4
2 DVP ədəd 1 -0,7
3 Armatur ton 1 -3,3
4 Şveller metr 1 -0,4
5 Dəmir boru metr 1 -1,2
6 Sink təbəqə ədəd 1 -3,4
7 Şüşə kv.m 1 -13,5
8 Laminat-parket kv.m 1 -6,2
2013-ci ilin aprel ayında bazarda müşahidə edilən orta qiymət mart ayı ilə müqayisədə 2,61 faiz azalma təşkil edib. Ötən rübün müvafiq dövrünə nisbətdə bu fərq 0,2 faiz artım ilə qeydə alınıb. Ötən illə müqayisədə isə qiymət dəyişməsi 3,3% azalma ilə müşahidə edilib.
Araşdırılan məhsullar üzrə respublikamızda istehsal olunan məhsulların bazardakı həcmi, ötən ayla müqayisədə, idxal məhsullarını 1,15 faiz üstələyərək, 53,4 faiz olub.
DOSTLARINLA PAYLAŞ: