İcarə Eçarə adlanacaq
22 May 2013 Çərşənbə 04:15
Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Mayın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə edilib. Komitə sədri Arif Rəhimzadənin verdiyi məlumata görə, qanun layihəsində nəzərdə tutulub ki, rayonun Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılsın və Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla ona kənd ərazi vahidi statusu verilsin.

Digər dəyişiklikdə təklif olunur ki, İcarə kəndinin tarixi adı bərpa edilərək Eçara kəndi adlandırılsın. Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Sərhədabad olmaqla inzibati ərazi dairəsi yaradılsın. Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd izibati ərazi dairəsinin tərkibindən ayrılaraq mərkəzi Zopun kəndi olmaqla kənd izibati ərazi dairəsi yaradılsın.

Qeyd olundu ki, qanun layihəsində, həmçinin Cəlilabad rayonunda Kazımabad, Təzəkənd, Şatırlı inzibati ərazi dairələrinin də yaradılması nəzərdə tutulub.

Müzakirələr zamanı komitə üzvləri bildiriblər ki, bu dəyişikliklər əhalinin rahatlığına, kəndlərin gələcək inkişafına və idarəetmənin yaxşılaşdırılmasına xidmət edir.

Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar