DAK Mustafa Kamal Atatürkü anıb
20 May 2013 Bazar Ertəsi 11:20
Tədbirdə Atatürkün həyatı və 19 may tarixi haqda ətraflı məlumat verilib.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) bir qrup fəalı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakıdakı abidəsini ziyarət edib, onun abidəsi qarşısına gül dəstələri qoyaraq ruhunu hörmətlə anıblar. Daha sonra DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli çıxış edərək Mustafa Kamal Atatürkün həyatı və 19 may tarixi haqda ətraflı məlumat verib. O, çıxışında bildirib ki, Türkiyə tarixində əvəzolunmaz xidmətləri olan Atatürk Türkiyə Cümhuriyyətinin banisi, Türk Dünyasının dahi şəxsiyyətidir: “Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türklər Atatürkü sevgi və sayğı ilə xatırlayır, onun adını əziz tuturlar”.
Qeyd edək ki, 19 may 1919-cu il Türkiyədə milli istiqlal savaşının başlandığı tarixdir. I Dünya müharibəsi başa çatdıqdan sonra Osmanlı dövlətinin bəzi əraziləri müttəfiq dövlətlər tərəfindən işğal edilmişdi. 1919-cu il mayın 16-da Mustafa Kamal paşa 36-cı Osmanlı padşahı IV Mehmet Vahdəddin tərəfindən İstanbuldan “Bandırma” gəmisi ilə Anadoluya göndərilir. Mayın 19-da Samsuna çatan Mustafa Kamal paşa (Atatürk) burda İstiqlal (Kurtuluş) mücadiləsini başladıb. Üç il davam edən mübarizədən sonra ölkə xarici qüvvələrdən xilas edilib və 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti elan edilib. Mustafa Kamal paşanın Samsuna çatma tarixi olan 19 may isə onun istəyi ilə hər il “Gənclik və İdman” bayramı kimi qeyd olunub. 1981-ci ildən bəri isə bu bayrama “Atatürkü Anma” günü də əlavə olnub. Bu gün hər il rəsmi qaydada “Atatürkü Anma, Gənclik və İdman” bayramı kimi qeyd olunur. Bu gün həmçinin Türkiyə Cumhuriyyətinin qurucu Mustafa Kamal Atatürkün doğum günüdür. Atatürk 1881-ci il mayın 19-da Qərbi Trakya vilayətinin Selanik şəhərində dünyaya gəlib.
DOSTLARINLA PAYLAŞ: