Bakıda daha bir xəstəxana tikilir
28 May 2013 Çərşənbə Axşamı 15:13
Qobustan qəsəbəsində 17 nömrəli birləşmiş şəhər xəstəxanası üçün yeni bina inşa olunur.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində 17 nömrəli birləşmiş şəhər xəstəxanası üçün yeni bina tikilir. Bu barədə AzərTAc-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verib. Məlumata görə, Dövlət Proqramının Əlavə Tədbirlər Planında Qaradağ rayonu üzrə nəzərdə tutulmuş 113 tədbirdən 28-i icra edilib. Tədbirlərdən 50-si hazırda icra olunur, 35-i isə bu ilin sonunadək həyata keçiriləcək.
Dövlət Proqramı çərçivəsində rayonun tibb müəssisələri əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz olunub. Lökbatan qəsəbəsindəki 19 nömrəli birləşmiş şəhər xəstəxanasının stasionar və poliklinika şöbəsinin və Müşfiqabad qəsəbəsindəki 13 nömrəli şəhər poliklinikasının əsaslı təmiri başa çatıb.
Hazırda Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanası üçün yeni binanın inşası davam etdirilir.
Xəstəxanada uşaq və doğuş, cərrahiyyə, anesteziologiya, reanimasiya, ginekologiya, əsəb və daxili xəstəliklər bölmələri fəaliyyət göstərəcək.
DOSTLARINLA PAYLAŞ: