Ölkə

Avtovağzalda sərnişin sıxlığı yaranıb

Problemin davam edəcəyi təqdirdə xəttə əlavə avtobuslar buraxılacaq.

· Xəbərçi
Avtovağzalda sərnişin sıxlığı yaranıb
Sabahdan qeyd etməyə başlayacağımız bayramlar Beynəlxalq Avtovağzalda sərnişin sıxlığı yaradıb. Minməyə avtobus tapmadıqlarına görə, sərnişinlər arasında narazılıqların ortaya çıxdığını nəzərə alan avtovağzal rəhbərliyi marşrutların sayını artırmağı istisna etmir.

Axşam saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə getməyə çalışan bəzi sərnişinlərin istəkləri elə istək olaraq qalıb. Belə ki, Quba-Xaçmaz və Gəncə istiqamətlərinə hərəkət edən avtobusların sayı lazımi tələbatı ödəməyib. Bu isə avtovağzalda sərnişinlərin sıxlığını yaradıb.

Sərnişinlərin sözlərinə görə, avtobus sürücüləri süni olaraq qiymət artımına yol verir. Bəzi sərnişinlər isə saatlarla gözlədiklərini bildirirdi və buna görə də get-gedə vətəndaşların səbr kəsası dolub daşırdı.

Avtobuslarla sərnişindaşıma ilə məşğul olan “M-Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin növbə rəisi Məhəmməd Abdullayev sərnişin sıxlığını ölkədə sabahdan etibarən ardıcıl olaraq 4 qeyri-iş gününün olması ilə əlaqələndirib. O, həmçinin biletlərin qiymətində süni artımın olması haqda iddialarla da razılaşmayıb.

M. Abdullayev növbəti günlərdə də problemin davam edəcəyi təqdirdə xəttə əlavə avtobusların buraxılacağını istisna etməyib.

Şərhlər