AMEA Bakı üçün təhlükə xəbərdarlığı etdi
15 May 2013 Çərşənbə 19:02
Abşeron yarımadasının cənubunda baş verən çox güclü gərilmə Bakı üçün təhlükə yarada bilər.
“Abşeron yarımadasının cənubunda çox güclü şəkildə gərilmə baş verir. Bu gərilmə Bakı şəhəri üçün də müəyyən təhlükə yarada bilər”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin rəhbəri Fəxrəddin Qədirov bildirib. Onun sözlərinə görə, məhz buna görə də Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və Geologiya İnstitutunun dəstəyi ilə Bakı şəhərində iki il 600-dən artıq nöqtədə mikrotremor ölçüləri aparılıb. Bu ölçülərin nəticələri əsasında Bakı şəhəri üçün seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanıb.

F. Qədirov deyib ki, Azərbaycandakı geodinamik situasiyanı öyrənmək üçün 1998-ci ildən Azərbaycan GPS poliqonu yaradılıb. Bunun əsasında yapon alimləri ilə birlikdə Azərbaycan ərazisinin gərginlik toplanılması xəritəsi qurulub: “Geoloji təhlükələrlə məşğul olan hər bir təşkilat bu xəritədən istifadə etməlidir. Abşeronun cənub tərəfində - Şıxlar, Qobustan ərazisində çox güclü gərilmə zonası var. Burada gərginliyin qiyməti çox yüksəkdir. Böyük Qafqaz boyu yenə də gərilmə sahələri var. Kiçik Qafqazda isə sıxılma sahələrinin olduğunu görürük. Həmin sahələr də təhlükəli sahələrdir. İran ərazisində hazırda çoxsaylı zəlzələlər baş verir. Bizdə Naxçıvan ərazisində sıxılma sahələri var. Bizim hesablamalar göstərir ki, Kiçik Qafqazda Ermənistanın Spitak rayonunda olduğu kimi güclü zəlzələnin baş verməsi üçün 200-300 il vaxt lazımdır ki, burda enerji toplansın. Böyük Qafqazda isə daha böyük deformasiyalar toplanır. Ona görə də gələcək planlarda Böyük Qafqaza dair tədqiqatları genişləndirmək, Abşeronda və Böyük Qafqazda GPS stansiyaların sayını çoxaltmaq var. Abşeron yarımadasında və onun ətrafında çox sıx GPS şəbəkəsinin qurulması çox vacibdir. Ayda bir dəfə Azərbaycan hökumətini burdakı geodinamik şəraitlə tanış etmək lazımdır. Azərbaycan mütəxəssisləri artıq buna hazırdırlar”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar