Zəlimxan Məmmədlinin seçki qərargahı bəyanat yayıb
09 Noyabr 2010 Çərşənbə Axşamı 23:55
Zəlimxan Məmmədlinin seçki qərargahı bəyanat yayıb. 33 saylı Xətai birinci seçki dairəsində saxtakarlıq faktları qeydə alınıb.
33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin seçki qərargahı seçkilərin nəticələri ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, 7 noyabr 2010-cu il keçirilən parlament seçkilərinin demokratik keçiriləcəyi ilə bağlı dövlət rəsmilərinin bəyanatları özünü doğrultmayıb.
Bəyanatda qeyd edilir ki, sözügedən məntəqədə seçicilərin barmaqlarının rənglənməsi və yoxlanılması ciddi aparılmayıb, müşahidəçilər əksər məntəqələrdə bu prosesdən kənarlaşdırılıb, başqa ünvanlarda yaşayan insanların səs verməsinə, həm də təkrarən səs vermələrinə xüsusi şərait yaradılıb, azyaşlı uşaqlar seçkiyə cəlb olunub, bir kabinədə iki nəfər səs verib, təkrarən səs vermə halları (karusel sistemi), məntəqə sədrinin rəhbərliyi ilə bülletenlərin seçki qutularına məntəqə üzvləri tərəfindən atılması halları geniş vüsət alıb.
“Beləliklə, 33 saylı Xətai birinci seçki dairəsində Azərbaycan Respublikasının Seçki Məcəlləsinin əksər maddələri kobud surətdə pozulub və seçkinin nəticələri saxtalaşdırılıb. Seçki Qərargahı bəyan edir ki, tərəfimizdən aparılan tədqiqatlar nəticəsində Zəlimxan Məmmədli tam qalib olub, ancaq seçkilər YAP-ın namizədi Mirələmov Hüseynbalanın xeyrinə saxtalaşdırılıb və o “qalib” elan edilib. Müşahidəçilərin verdiyi məlumatlara, tərtib etdiyi aktlara, vəkillərin, məşvərət səs hüquqlu komissiya üzvlərinin müşahidələrinin nəticələrinə əsaslanaraq seşki qərargahı nəticələrin ləğv edilməsini tələb edir”, - deyə bəyanatda bildirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: