YUNESKO-nun baş direktoru Şəkidə olub
01 Avqust 2010 Bazar 16:20
İrina Bokovanın şəhərlə tanışlığı Şəki xanlarının sarayından başlayıb.
Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova avqustun 1-də Şəki şəhərində olub. Şəhərlə tanışlıq “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən və Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayından başlayıb. Qonağa Şəkinin tarixi, mədəniyyəti, qədim sənətkarlıq ənənələri, iqtisadiyyatı barədə məlumat verilib.
Sonra YUNESKO-nun təmsilçisi sarayla tanış olub. Qonağa məlumat verilib ki, Şəki xanlarının sarayı XVIII əsrə aid olan nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, təqribən 1761-1762-ci illərdə tikilib. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunub. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var.
İ.Bokova daha sonra Kiş kəndində yerləşən qədim alban məbədini ziyarət edib. Qonaq həmçinin “Yuxarı Karvansara” mehmanxana kompleksində olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: