YAP pulsuz efir vaxtından imtina edib
18 Oktyabr 2010 Bazar Ertəsi 13:50
Siyavuş Novruzov: "Biz bərabər əsaslarla mübarizə aparırıq".
"Mərkəzi Seçki Komissiyasının hər bir deputatlığa namizəd üçün 4 dəqiqə pulsuz efir vaxtının ayrılması ilə bağlı qərarı çox böyük yenilikdir. İndiyə qədər dünya tərübəsində belə bir hadisə olmayıb". Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində YAP-ın icra katibinin müavini Siyavuş Novruzov belə deyib.

S.Novruzov bildirib ki, bu seçki marafonunda yalnız YAP pulsuz efir vaxtı hüququ qazanıb. Çünki YAP-ın seçki qanunvericiliyinə əsasən 60-dan çox dairədə namizədləri qeydə alınıb. "YAP yeganə olaraq bu seçkidə partiya kimi iştirak etmək hüququ qazandı. Amma digər partiyalar və seçki blokları bu hüququ əldə edə bilmədilər. Buna baxmayaraq, partiyamız son bələdiyyə seçkisində olduğu kimi öz efir vaxtından imtina etdi. Çünki biz bərabər əsaslarla mübarizə aparırıq və göstəririk ki, heç kimdən çəkinmirik və bizim namizədlər digər partiyaların namizədlərindən üstündür", deyə o, qeyd qeyd edib.

S.Novruzovun sözlərinə görə, MSK-nın qərarı ilə bütün namizədlərə bərabər şərait yaradılır. Hər bir namizəd mövqeyindən, siyasi mənsubiyyətindən asılı olmayaraq 4 dəqiqə müddətində seçicilərə öz platformalarını çatdırırlar. Bu da namizədlər üçün bərabər imkanların yaradılması üçün əsas amillərdən biridir.

"Belə bir şəraitin yaradılması əhəmiyyətlidir. Seçkidə İctimai Televiziyada pulsuz 4 dəqiqə verilməsi çox böyük göstəricidir. ABŞ-da, Avropada cəmi 30 saniyə efir vaxtı verilir. CNN-də, BBC-də Avropa Parlamentinə seçkilərdə bu müddət maksimum 1 dəqiqə olur ki, namizədlər yalnız öz platformalarını və ya reklam çarxlarını verə bilərlər. Amma MSK-nın qərarı isə Azərbaycan tərəfindən irəliyə sürülmüş yenilikdir. İTV-də və dövlət qəzetlərində bütün dairələr üzrə namizədlərə ödənişsiz təşviqat imkanlarının yaradılması namizədlər üçün geniş imkanlar açır". ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar