YAP-ın vahid namizədlər siyahısında dəyişiklik edilib
28 Sentyabr 2010 Çərşənbə Axşamı 12:50
Yeni Azərbaycan Partiyasının (YAP) 7 noyabr parlament seçkiləri ilə əlaqədar müəyyənləşdirdiyi namizədlər siyahısına dəyişiklik edilib.
APA-nın məlumatına görə, sentyabrın 18-də açıqlanmış 114 nəfərlik siyahıdakı namizədlərin sayı 112-yə enib.
Belə ki, millət vəkili, “Odlar Yurdu” Universitetinin rektoru, YAP-ın namizədlər siyahısında 31 saylı Suraxanı Seçki Dairəsindən vahid namizəd kimi göstərilən Əhməd Vəliyev həmin dairədən namizədliyini geri götürərək, sənədlərini 107 saylı Qazax Seçki Dairəsindən YAP-ın vahid namizədi kimi təqdim edib. Həmin seçki dairəsindən YAP-ın vahid namizədi olan Polad Ağakişiyev isə namizədliyini geri götürüb. 107 saylı Qazax Seçki Dairəsindən APA-ya verilən açıqlamada məlumat təsdiqlənib.
Analoji hal millət vəkili Gülər Əhmədova ilə bağlı da baş verib. YAP-ın vahid namizədlər siyahısında 15 saylı Yasamal I Seçki Dairəsindən namizədliyi irəli sürülmüş xanım deputat namizədliyini geri götürüb. O, sənədlərini 34 saylı Xətai II seçki dairəsinə təqdim edərək YAP-ın bu dairədən vahid namizədi olub. Gülər Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. APA
DOSTLARINLA PAYLAŞ: