Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri pisləyib
09 İyun 2010 Çərşənbə 14:05
Ümid Partiyası Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri pisləyib. "Təkliflərin qəbul olunmamasını tələb edirik".
Bu gün Ümid Partiyası Rəyasət Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda öncə partiya rəhbərliyinin Seçki Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərə münasibəti bildirilib.
Qeyd edək ki, bir qrup YAP üzvləri tərəfindən seçki müddətinin 75 gündən 60 günə endirilməsi və bütün seçki müddətinin maaliyələşməsindən dövlətin imtinası təklif olunur. Müvafiq olaraq bu zaman seçki təbliğatı müddəti də 28 gündən 23 günə qədər azaldılması təklifi irəli sürülür.
Təkliflər Rəyasət Heyəti üzvləri arasında müzakirə olunaraq pislənilib.
"Seçki Məcəlləsinə və Seçki komissiyalarının tərkibinə yenidən baxılması ilə bağlı son zamanlar aktiv iş aparan ATƏT başda olmaqla beynəlxalq təşkilatların bu məsələ ətrafında apardığı danışıqlar da təəssüflər olsun ki, öz bəhrəsini verməməkdədir. Bu kimi dəyişikliklər qəbul olunmadığı halda hesab edirik ki, təkcə Azərbaycanın mövcud iqtidarı deyil, eyni zamanda beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Ümid Partiyası olaraq bir qrup deputat tərəfindən təqdim edilən təklifləri Azərbaycan dövlətinin və xalqının maraqlarına uyğun olmadığını bildirir və təklifin qəbul olunmamasını tələb edirik", deyə məlumatda qeyd olunub.
Daha sonra iclasda 2010-cu il parlament seçkisinə hazırlıq məsələləri də müzakirə olunub. Regionlar üzrə partiya namizədlərinin toplantı tarixləri müəyyənləşdirilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: