Türkiyənin baş naziri Azərbaycana səfər edəcək
28 Sentyabr 2010 Çərşənbə Axşamı 17:10
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.
Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç APA-ya açıqlamasında səfərin ilin sonuna kimi baş tutacağını bildirib. Səfərin məqsədi Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının yaradılması ilə əlaqədar geniş tərkibli Azərbaycan-Türkiyə nümayəndə heyətlərinin Bakıda keçiriləcək görüşündə iştirak etməkdir.
Türkiyə baş nazirinin rəhbərlik edəcəyi nümayəndə heyətinə müxtəlif sahələri təmsil edən nazirlər daxil olacaq. Heyətin tərkibi və səfərin dəqiq tarixi isə oktyabr-noyabr aylarında müəyyənləşəcək.
Səfər çərçivəsində Azərbaycan tərəfi ilə Şuranın fəaliyyəti müzakirə olunacaq, birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. “Bununla bağlı bir sıra tədbirlər planlaşdırılır. Bunlar iqtisadi, enerji, mədəniyyət və digər sahələrdir. Bu sahələrdə layihələr hazırlanacaq”, - deyə səfir bildirib.
Qeyd edək ki, “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının qurulması haqqında Birgə Bəyannamə” sentyabrın 15-də İstanbulda imzalanıb. APA
DOSTLARINLA PAYLAŞ: