Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
13 Avqust 2010 Cümə 17:00
Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana rəsmi səfərinin proqramı bəlli olub.
APA-nın Türkiyə prezident aparatının mətbuat mərkəzinə (Cumhurbaşkanlığı Basın Merkezi) istinadən verdiyi məlumata görə, A. Gül səfər zamanı Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşlər keçirəcək. O, baş nazir Artur Rəsizadə, Milli Məclisin sədri Oqtay Əsədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə də bir araya gələcək.

Görüşlərdə ikitərəfli aktual məsələlər, hər iki ölkəyə aidiyyəti olan regional və qlobal proseslər hərtərəfli müzakirə olunacaq. A. Gülü müşayiət edəcək nümayəndə heyətinə enerji və təbii ehtiyatlar naziri, Türkiyə-Azərbaycan birgə İqtisadi Komissiyasının həmsədri Taner Yıldız, digər rəsmi şəxslər, elm adamları və media mənsubları daxildir.

Avqustun 16-17-də Azərbaycanda olacaq Türkiyə prezidentinin Şəki rayonuna səfəri də nəzərdə tutulub. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar