Şəxsiyyət vəsiqəsi haqqında qanuna dəyişiklik edilib
11 May 2010 Çərşənbə Axşamı 14:15
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” qanunlarına dəyişiklik və əlavələr edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.
Parlamentin Hüquq siyasət və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov deyib ki, qanuna əsasən şəxsiyyət vəsiqələri üç dəfə yenilənməlidir: “Müəyyən yaş həddinə çatdıqdan sonra bu sənəd yenilənməlidir. Bu isə müəyyən problemlər yaradır. Bu gün təklif olunur ki, şəxsiyyət vəsiqəsində etibarlılıq müddətinin göstərilməsi öz əksini tapsın. Bu həm vətəndaşlar, həm də dövlət üçün önəmlidir”.

Deputat Baba Tağıyev müzakirələr zamanı şəxsiyyət vəsiqəsində insanların milli kimliyi haqqında məlumat verilməməsinin anlaşılmadığını deyib: “Təəssüf ki, şəxsiyyət vəsiqəsində milli kimliyimiz göstərilmir. Konstitusiyanın 44-cü maddəsinə əsasən hər bir insanın milli kimliyini qorumaq hüququ var”.

Vitse-spiker Bahar Muradova isə şəxsiyyət vəsiqəsində milli kimliyin yazılmasına ehtiyac olmadığını deyib: “Dövlət hər kəsin milli kimliyini qoruyur. Bunun sənəddə qeyd olunmağının əhəmiyyəti yoxdur. Əsas milli kimliyi qorumaq və dərk etməkdir” .

Deputat Aydın Həsənov da həmkarı Baba Tağıyevin təklifini dəstəklədiyini deyib. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsində milli kimliyin yazılması statistika baxımından çox önəmlidir: “Hamı bu təklifi dəstəkləməlidir” .

Millət vəkili Eldar İbrahimov isə məsələnin mahiyyətinin dərin olduğunu deyib: “Biz xaricə gedəndə ya rus, ya azərbaycanlı olduğumuz bilinmir. Biz bu barədə fikirləşməliyik. Şəxsiyyət vəsiqəsində yox, pasporta milli kimliyimiz yazılmalıdır”.

Millət vəkili Gövhər Baxşəliyeva isə pasportun hansı ölkəyə məxsus olduğunun yazıldığını və bunun problem yaratmadığını deyib: “Dünya təcrübəsində belədir”.

Deputat İkram İsrafil də şəxsiyyət vəsiqəsində milli kimliyin yazılmasının vacib olduğunu deyib: “Bununla bağlı qanun qəbul edilməlidir. Bu hər kəsin arzusudur”.

Əli Hüseynov təkliflərə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda elektron hökumət yaradılır və bu çərçivədə əhaliyə Avropada olduğu kimi, fərdi məlumatların əks olunduğu kartlar veriləcək. Həmin kartda bütün məlumatlar əksini tapacaq: “Ona görə də belə bir təklifin praktiki olaraq nəzərə alınması gündəmdə deyil”.

Milli Məclis sənədi qəbul edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar