Sentyabrda Bakıda AGRI layihəsi üzrə sammit keçiriləcək
06 Avqust 2010 Cümə 13:00
Cari ilin sentyabr ayının 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin iştirakı ilə AGRI layihəsinin (Azerbaijan-Georgia-Romania Interconnector) dəstəklənməsi üzrə zirvə görüşünün keçirilməsi nəzərdə tutulub.
Bu barədə «APA-ECONOMICS»ə Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Sammitdə Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri tərəfindən Bakı Bəyannaməsinin imzalanması gözlənilir. Birgə bəyannamənin razılaşdırılması məqsədi ilə Bakıda sentyabrın 6-da ekspertlərin, sentyabrın 13-də isə üç dövlətin müvafiq nazirliklərinin rəhbərlərinin iştirakı ilə görüş keçiriləcək.

Üç ölkə prezidentinin Bakı sammitində Avropa Komissiyasının sədri və enerji məsələləri üzrə komissarının da iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Rumıniya arasında AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihəsinin reallaşması ilə bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz sahillərinə nəql olunması, burada xüsusi terminalda sıxılması, Qara dəniz vasitəsilə tankerlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılması, daha sonra isə yenidən bu ölkənin ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə ixrac etmək üçün Konstansadan Bolqarıstan və Macarıstana iki ayrı boru kəməri çəkilməsi də nəzərdə tutulur.

Layihə çərçivəsində Konstansa (Rumıniya) və Kulevi (Gürcüstan) limanlarında maye qaz terminalları yaradılacaq.

Azərbaycan prezidenti may ayının 24-də Buxarestdə imzalanmış «Mayeləşdirilmiş təbii qaz (LNG) və onun nəqli sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nun təsdiq edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Sənaye və Energetika Nazirliyinə memorandumun həyata keçirilməsini təmin etmək tapşırılıb. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar