Rəqabət Məcəlləsi hazırlanır
27 İyul 2009 Bazar Ertəsi 08:50
Rəqabət Məcəlləsi və “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihələri parlamentin payız sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq

 

Milli Məclisin İqtisadi siyasət komitəsi Rəqabət Məcəlləsi və “Bank olmayan kredit təşkilatları haqqında” qanun layihələrinin hazırlanmasına başlayıb.

Ölkə qanunvericiliyində ilk dəfə olaraq hazırlanan Rəqabət Məcəlləsi payız sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. Layihə ilə bağlı iş adamları, qeyri-hökumət təşkilatları, sahibkarlarla birgə geniş müzakirələr aparılır.

Parlamentin iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadənin sözlərinə görə, məcəllə ölkənin iqtisadi inkişafının qanunvericlik bazasını təşkil edən mühüm hüquqi sənədlərdən biri olacaq. Sahibkarlıq fəaliyyəti sahəsində azad və sağlam rəqabətin təmin edilməsi və qorunmasının hüquqi əsaslarını müəyyən etməklə əmtəə, maliyyə xidmətləri bazarlarında fəaliyyət göstərən subyektlərin öz aralarında, eləcə də onlarla dövlət, özünüidarə orqanları arasında yaranan, rəqabətə təsir edən münasibətləri tənzimləyəcək.

Millət vəkili ilk dəfə hazırlanan “Bank olmayan kredit təşkilatları haqqında” qanun əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarını xeyli sadələşdirəcəyini qeyd edib. "Onların maliyyə resurslarına olan ehtiyaclarının ödənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədi ilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətini tənzimləyəcək". /AzərTac/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar