Rasim Musabəyov: “Azərbaycan ABŞ üçün əhəmiyyətli ölkədir”
07 İyun 2010 Bazar Ertəsi 16:00
Rasim Musabəyov: “Həyat göstərdi ki, iki ölkə arasındakı problemlər barədə yazanlar yanılıb”.
Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yenidən istiləşmə müşahidə olunur. İki gün öncə Asiya ölkələrinə səfəri çərçivəsində Azərbaycana da gələn və iki gün Bakıda rəsmi görüşlər keçirən ABŞ-ın müdafiə naziri Robert Qeytsi ölkə prezidenti İlham Əliyev qəbul edib. Görüş zamanı Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında hərbi sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Robert Qeyts ABŞ prezidenti Barak Obamanın məktubunu dövlət başçısına çatdırıb. O, qeyd edib ki, Obama senator qismində ilk xarici səfərini Azərbaycana etməsini məmnunluqla xatırlayır.
Qeyts görüşdən sonra mətbuata verdiyi açıqlamada deyib ki, Amerika tərəfdən Azərbaycana daha yüksək səviyyəli səfərlər gözlənilir.

"Reuters" agentliyinin verdiyi məlumata görə, prezident Obama məktubunda İlham Əlyevə Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada fəal iştirakına görə təşəkkür edib və Azərbaycan-Amerika münasibətləriinə dərinləşməsinə ümidini ifadə edib.

“Mən düşünürəm ki, bizim münasibətlərimizdə bəzi problemlər var, ancaq onların yoluna qoyulacağına əminəm”-, deyə məktubda bildirilir.

Göründüyü kimi bu məktub və müdafiə naziri Robert Qeytsin verdiyi “Amerika tərəfdən Azərbaycana daha yüksək səviyyəli səfərlər gözlənilir” kimi açıqlamalar bir daha onu deməyə əsas verir ki, ABŞ-la Azərbaycan arasında ciddi problemlərin olduğunu iddia edən mətbuat orqanlarının və analitik mərkəzlərin ortaya qoyduğu fikirlər kökündən yanlış imiş.

Politoloq Rasim Musabəyov da bu fikirdədir. ANS PRESS-ə açıqlamasında R.Musabəyov deyib ki, bu gün ABŞ-la Azərbaycan arasındakı münasibətlər kifayət qədər yüksəkdir: “Doğrudur, həm yerli, həm də xarici mətbuatda yazılar verilirdi ki, ABŞ-ın Azərbaycan hakimiyyəti ilə münasibətlərində soyuqlaşma var. Hətta bəzi xarici mətbuat orqanlarında iddia olunurdu ki, ABŞ-ın Cənubi Qafqazda yeganə partnyoru Ermənistandır və bu ölkə yalnız Türkiyə-Ermənistan münasibətlərinin yoluna qoyulmasına çalışır. Ancaq həyat göstərdi ki, həqiqət deyilənlərin tam əksidir. Müdafiə nazirinin Azərbaycana səfəri və onun yaxın gəlcəkdə reallaşacaq daha yüksək səviyyəli səfərlər barədə verdiyi bəyanatlar onu deməyə əsas verir ki, Azərbaycan ABŞ üçün regionda kifayət qədər əhəmiyyətli ölkədir”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar