Qüdrət Həsənquliyev: “Müsavatın MSK-ya iki namizəd təqdim etməsi qanunsuzluqdur”
05 Oktyabr 2010 Çərşənbə Axşamı 03:30
Qüdrət Həsənquliyev: “Azlıqda qalan partiyaların Milli Məclis rəhbərliyi ilə əldə etdiyi razılaşmaya görə Müsavat Partiyasına bir yer verməli idi”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Müsavat Partiyasının MSK-ya iki nümayəndə göndərməsinin hüquqi baxımdan doğru hesab etmir. Onun sözlərinə görə, BAXCP parlament seçkisinə qədər MSK-nın tam tərkibdə formalaşmasının tərəfdarıdır: “Bununla bağlı fikirlərimizi dəfələrlə səsləndirmişik. Şəxsən mən parlament tribunasından bir neçə dəfə bu məsələni qaldırmışam. Hətta seçkiyə bir gün qalmış MSK-nın tam tərkibdə formalaşması baş tutsa, biz bunu alqışlaycağıq. Ancaq son günlər mətbuatda yanlış olaraq belə fikir səslənir ki, guya Müsavat MSK-da iki yerlə təmsil oluna bilər. Mən Müsavatın bu qərarının siyasi tərəflərinə əvvəlki açıqlamalarımda toxunmuşdum. Məsələyə hüquqi-nöqteyi nəzərdən yanaşdıqda da maraqlı məqamlar ortaya çıxır. Məlumat üçün bildirmək istəyirəm ki, azlıqda qalan partiyaların Milli Məclis rəhbərliyi ilə o vaxt əldə etdiyi razılaşmaya görə bir yer Müsavat Partiyasına verməli idi. Hal-hazırda iki yer ona görə boşdur ki, azlıqda qalan partiyalardan birinin təqdim etdiyi nümayəndə Rövşən İsmayılov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bir yerə irəli sürüləcək bitərəf namizəd isə azlıqda qalan partiyalarla razılaşdırılmalıdır”.

Qüdrət Həsənquliyevin sözlərinə görə, bu razılaşdırma da o vaxtdan baş tutmayıb və beləliklə MSK-da üç yer boş qalıb: “Bütün bunları nəzərə alaraq hesab edirik ki, Müsavatın MSK-ya iki nümayəndə göndərməsi doğru deyil və bu addımın hüquqi əsası yoxdur. Biz bu məsələni dəfələrlə Milli Məclisin iclaslarında qaldırmışıq ki, MSK-nın tam tərkibdə formalaşması məsələsi öz həllini tapmalıdır. Öz nümayəndəmizi də təqdim etmişik. Hesab edirik ki, BAXCP olaraq, azlıqda qalan partiya kimi bizim də MSK-da bir nümayəndəylə təmsil olunmaq haqqımız var. Parlamentdə azlıqda qalan partiyalar da BAXCP-nin MSK-da bir nümayəndəylə iştirakına etiraz etmirlər. Təəssüf ki, Milli Məclis hələ də bu məsələni müzakirəyə çıxarmayıb”.

BAXCP sədri bildirib ki, partiya Milli Məclis rəhbərliyindən bu məsələni müzakirəyə çıxarmağı xahiş edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar