Qriqol Vaşadze Bakıya gələcək
13 Yanvar 2011 Cümə Axşamı 22:55
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ANS-ə müsahibə verib.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze yaxın vaxtlarda Azərbaycana səfər edəcək. Bunu ANS-ə eksklüziv müsahibəsində Qriqol Vaşadzenin özü deyib. O, Bakı görüşlərində sərhədlərin delimitasiyasının əsas müzakirə predmeti olacağını bildirib.
Ölkələrimiz arasında çox gözəl ənənə olduğunu deyən gürcüstanlı nazir ilk öncə Azərbaycanın müdafiə nazirinin Gürcüstana gəldiyini xatırladıb. Daha sonra isə digər azərbaycanlı rəsmilərin səfərini qeyd edən Qriqol Vaşadze indi Bakıya səfər etmək üçün növbənin özünə çatdığını bildirib. “İlk öncə bu səfər keçirəcəyim görüşlərdən çox məmnunam. Mən Bakıda təkcə prezidentlə deyil, həmçinin yaxın dostum və həmkarım Elmar Məmmədayrov və digər rəsmilərlə görüşəcəm. Biz qarşılıqlı münasibətlərimizi əhatə edəcək çox geniş spektrli müzakirələr aparacağıq”,- deyə Qriqol Vaşadze bildirib.
Hərbi, siyasi, iqtisadi, mədəni və sosial sahələrdə əlaqələrin müzakirə ediləcəyini vurğulayan Gürcüstanın xarici işlər naziri danışıqlarda sərhədlərin delimitasiyasını da gündəmə gətirəcəklərini söyləyib: “Bir çox hallarda həm Azərbaycan, həm də Gürcüstan mediası bu sahə ilə bağlı olan vəziyyəti düzgün əks etdirmir. Bu çox böyük səhvdir, delimitasiya və demarkasiya prosesi çox vaxt aparan prosesdir. Amma Azərbaycan və Gürcüstan arasında çox mehriban qonşuluq münasibətləri var. Ancaq siz mənə inanın ki, biz bu prosesi hər iki ölkənin maraqları çərçivəsində tamamlayacağıq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: