Prezident yeni səfirləri qəbul edib
10 Fevral 2010 Çərşənbə 23:25
Kanada, Serbiya və Malinin yeni səfirləri etimadnamələrini təqdim ediblər
Prezident İlham Əliyev bu gün ölkəmizə yeni təyin olunmuş səfirləri qəbul edib. Kanada, Serbiya və Mali Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri etimadnamələrini prezidentə təqdim ediblər.
Kanadanın səfiri Mark Beyli ilə görüşdə İlham Əliyev Azərbaycan ilə Kanada arasında ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayıb. Azərbaycanın indiki inkişaf mərhələsində həyata keçirilən müxtəlif layihələrdə Kanadadan olan şirkətlərin də uğurla iştirak edə biləcəyini vurğulayan dövlətimizin başçısı səfir Mark Beylinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu istiqamətdə əlaqələrimizin genişlənəcəyinə əminliyini bildirib.
Serbiya Respublikasının səfiri Vladimir Curgusla söhbət zamanı ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə dinamik inkişafından məmnunluq ifadə edilib. Görüş zamanı Azərbaycanın Serbiyada səfirliyinin açılması barədə qərarının önəmi vurğulanıb.
Mali Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Brahima Kulibalinin etimadnaməsini qəbul edən dövlət başçısı ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf edəcəyinə əminliyini bildirərək diplomata ölkəmizdəki səfirlik fəaliyyətində uğurlar arzulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: