Prezident Riçard Morninqstarı qəbul edib
15 Yanvar 2010 Cümə 18:05
Görüşdə energetika və regional əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidentinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, ABŞ dövlət katibinin xüsusi nümayəndəsi Batumi enerji sammitində iştirak etmək üçün yanvarın 12-də regiona gəlib. O, Tiflisdə Gürcüstan rəsmiləri ilə bir neçə qapalı görüş keçirib. Batumi enerji sammitinin formatı dəyişdirildiyinə və bu tədbirin əvəzinə beynəlxalq enerji konfransı keçirildiyinə görə Riçard Morninqstar toplantıya qatılmayıb və Tiflisdən Bakıya gəlib.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klinton keçən il səfir Morninqstarı Avrasiya regionunda enerji ehtiyatlarının inkişafı, tranziti və paylanması ilə bağlı siyasət məsələləri üzrə strateji məsləhətlərlə təmin etmək məqsədilə xüsusi nümayəndə vəzifəsinə təyin edib.

Azərbaycana edilən əvvəlki səfərlər zamanı səfir Morninqstar ABŞ-ın "Nabukko" qaz kəməri layihəsi və Avropada enerjinin təhlükəsizliyini təmin edəcək və Azərbaycanın uzunmüddətli inkişafı, müstəqilliyi və suverenliyinə zəmanət verəcək digər təşəbbüsləri dəstəklədiyini bildirib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar