Oqtay Əsədov Çin Kommunist Partiyasının nümayəndə heyətini qəbul edib
16 İyun 2010 Çərşənbə 17:50
Milli Məclisin sədri Oqtay Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu Daimi Komitəsinin üzvü, partiyanın İntizam üzrə Mərkəzi Komissiyasının katibi Hı Qotsyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın xəbərinə görə, spiker görüşdə Azərbaycanın Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib: “Bu gün siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Maraqlı faktdır ki, Çin və Azərbaycan dünyanı bürümüş iqtisadi böhran şəraitində iqtisadiyyatda artım meyllərini qoruyub saxlaya biliblər. Bu ilin 4 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 357 milyon ABŞ dolları səviyyəsində olub. Ötən illə müqayisədə bu, müsbət göstəricidir. Bununla yanaşı bu sahədə potensial imkanlar böyükdür” .
Spiker Dağlıq Qarabağ münaqişəsi məsələsində Çinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və problemlə bağlı BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı rəsmi Bakının mövqeyini müdafiə etməsini yüksək qiymətləndirib: “Azərbaycan öz növbəsində “Vahid Çin” ideyasını dəstəkləyir, beynəlxalq hüquqda ölkələrin ərazi bütövlüyü prinsipini önəmli hesab edir”.
Hı Qotsyan Azərbaycanda keçirdiyi görüşlərdən və burada gördüyü inkişafdan məmnun olduğunu deyib. Hı Qotsyan təmsil etdiyi ölkənin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini deyib. APA
DOSTLARINLA PAYLAŞ: