Müxalifət aksiya keçirdi
31 İyul 2010 Şənbə 17:25
İcazəsiz aksiyanın qarşısı polis tərəfindən alınıb, saxlanılanlar var.
Bu gün müxalifət nümayəndələri Səbail rayonu, Fəvvarələr meydanında icazəsiz aksiya keçirməyə cəhd edib. ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, aksiyada təxminən 40-50 nəfər iştirak edib. Kiçik qruplar şəklində Fəvvarələr meydanına gələn müxalifət nümayəndələri “Azadlıq”, “Azad seçki”, “İstefa” şüarları səsləndiriblər.
Polis aksiyanın qarşısını almaq üçün müxalifət nümayəndələrini saxlayaraq ərazidən uzaqlaşdırıb. Aksiyada Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn, həmçinin Müsavat partiyasının icra aparatının rəhbəri Arif Hacılı da iştirak edib. Etiraz edənlər arasında əvvəlcədən planlaşdırıldığı kimi Müsavat, AXCP və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların nümayəndələri olub.
Qeyd edək ki, aksiyanın Bakı şəhər İcra Hakimiyyətinin qarşısında keçirilməsi planlışdırılsa da, ərazi əvvəlcədən polis tərəfindən nəzarətə götürülüb.
Xatırladaq ki, Bakı şəhər İcra Hakimiyyəti müxalifətin mitinqlə bağlı müraciətinə cavab olaraq aksiyanı iyulun 31-də saat 15.00-dan 18.00-dək aşağıdakı ünvanlardan birində - Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonunun 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin həyətində, Xətai rayonun Zığ yolu küçəsində 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirilməsini təklif edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: