Mübariz Əhmədoğlu: “Həmsədrlər müharibənin başlanmasında maraqlıdır”
04 Avqust 2010 Çərşənbə 17:25
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) iyul ayında regionda və dünyada baş verən hadisələrlə bağlı aylıq hesabatını açıqlayıb.
APA-nın məlumatına görə, mərkəzin sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son prosesləri şərh edib.
ATƏT-in Minsk Qrupunun verdiyi son bəyanatların müharibəni qaçılmaz etdiyini bildirən politoloq iddia edib ki, həmsədrlər regionda müharibənin başlanmasında maraqlıdır: “Vasitəçilik missiyasının nəticəsiz qaldığını artıq həmsədrlər özləri də etiraf etməyə başlayıblar. Həmsədrlər erməniləri qudurdublar. Elə bir situasiya yetişib ki, ATƏT-in Minsk Qrupu həmsədrləri səs-küysüz, sakitcə regionu tərk etməlidir. Əgər bu baş versə, hadisənin miqyası nisbətən kiçik olacaq. Əks təqdirdə, həmsədrlər proseslərin bu cür inkişafına maraq göstərsələr, Dağlıq Qarabağ regionunda baş verən müharibə Şimali Qafqaza və İran ərazisinə keçə bilər”.
M. Əhmədoğlu deyib ki, proseslərin bu istiqamətdə inkişaf etməsi həm ABŞ-ın, həm də Rusiyanın maraqlarına cavab verir: “Əslində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün iki saat da kifayətdir. Bunun üçün İran Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı erməni qoşunlarının arxasına keçməsinə şərait yaratmalıdır. Belə olsa, İran Dağlıq Qarabağın taleyini həll edə bilər”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: