MSK seçki kampaniyasının yekunlaşdığını bəyan edib
06 Noyabr 2010 Şənbə 21:40
690 namizədin adı seçki bülletenlərinə daxil edilib.
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərlə əlaqədar kampaniya müddətinin başa çatması ilə əlaqədər mətbuat konfransı keçirib. O, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki kampaniyasının yekunlaşdığını bəyan edib.
Məzahir Pənahov bildirib ki, Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçici var. “Milli Məclisə seçkilər 125 dairədə və 5314 seçki məntəqəsində keçiriləcək. 690 namizədin adı seçki bülletenlərinə daxil edilib. Ən çox namizəd olan dairədə 14, ən az namizəd olan dairədə 4 nəfər deputatlıq uğrunda mübarizə aparır. Yeni Azərbaycan Partiyasının 107, müxalifət partiyalarının isə 140 nəfər namizədliyini verib”, - deyə M.Pənahov əlavə edib.
M. Pənahov bildirib ki, seçkiyə hazırlıq ərəfəsində MSK tərəfindən seçicilər, məntəqə və dairə seçki komissiyalarının üzvləri və dövlət qurumlarının aidiyyətı nümayəndələri üçün maarifləndirmə tədbirləri keçirilib. Bu tədbirlər beynəlxalq təşkilatların və müvafiq dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə təşkil olunub. Seçki məntəqələrindən kənarda səsvermə prosesini canlı izləmək üçün məntəqələrdə 500 veb-kamera quraşdırılıb. Veb-karmeralar vasitəsilə internet istifadəçiləri istər ölkə daxilindən, istərsə xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq səsvermə prosesini, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini fasiləsiz müşahidə edə biləcəklər. Səsvermə noyabrın 7-də saat 08.00-da başlayacaq, saat 19.00-da isə seçki məntəqələri bağlanacaq. Seçicilərin aktivliyi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək. Gecədən keçmiş də olsa, ilkin məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq və nəticələr MSK-nın rəsmi internet saytına da yerləşdiriləcək.
Müşahidəçilər haqqında son məlumatı verən M. Pənahov bildirib ki, seçkiləri izləmək üçün ümumilikdə 46639 yerli müşahidəçi qeydiyyatdan keçib. Onlardan 3466 nəfəri bütün respublika üzrə müşahidə aparmaq səlahiyyətinə malikdir. Dairələr üzrə isə 43173 müşahidəçi qeydə alınıb.
“Beynəlxalq müşahidəçilərə gəlincə, 21 beynəlxalq qurumdan 1029 nəfər MSK-da qeydiyyatdan keçib. “Buraya Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa İttifaqının Bakı nümayəndəliyi, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, eləcə də ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlilikləri, eyni zamanda Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və “Vestnik Kafkaza” analitik informasiya agentliyi daxildir. Beynəlxalq müşahidəçilər 48 ölkəni təmsil edirlər”,- deyə MSK sədri əlavə edib.
KİV nümayəndələrinin seçki prosesini işıqlandırmasına gəlincə, M. Pənahov, yerli mətbuat nümayəndələrinin ölkə ərazisində fəaliyyətinə heç bir məhdudiyyət qoyulmadığını bildirib. Amma bəyan edib ki, jurnalistlər məntəqələrə gedərkən şəxsiyyət vəsiqələrini də üzərlərində götürsünlər.
Həmçinin MSK sədri bildirib ki, parlament seçkisini işıqlandırmaq üçün 18 xarici kütləvi informasiya vasitələrindən 43 təmsilçi akkreditə olunub. “Onların sırasında BBC, “Əl-Cəzirə”, TRT televiziyaları, “Reuters”, “Associated Press”, “France Presse”, EPA, “Anadolu”, “İhlas”, “Doğan”, “Sinhua”, İTAR-TASS xəbər agentlikləri, Gürcüstan İctimai Televiziyası, İran TV, “Oqonyok” jurnalı kimi nüfuzlu KİV-lərdə var”, - deyə M.Pənahov vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: