Milli Şuranın B planı açıqlandı
06 Avqust 2013 Çərşənbə Axşamı 04:44
İbrahimbəyov - Qəmbər anlaşmasının şok detalları.
Milli Şuranın Tiflisdəki toplantısından sonra qurumun sədri və vahid namizədi Rüstəm İbrahimbəyovla Müsavat başqanı İsa Qəmbər arasında keçirilən görüşdə nələrin danışıldığı hələ də bir sirr olaraq qalmaqdadır.
Orada olan müxbirimizin və digər media quruluşlarının ümumi məlumatlarına, daha sonra isə Müsavat başqanı İsa Qəmbərin ikili təmasla bağlı açıqlamalarına görə tərəflər görüşdən məmnun qalıblar. İlk gün xəbər məkanında sadəcə bu açıqlama və həmin görüşdən çəkilən tək bir foto var idi...
Görünür, bu cür məlumat azlığı Mili Şuraya daxil olan bəzi fürsətçi və anti-Qəmbərçi dairələrə imkan yaradıb ki, onlar belə bir görüşün ümumiyyətlə olmadığını iddia etsinlər.
“Analoqu olmayan” araşdırma
Lakin “Yeni Müsavat” ilginc bir araşdırma apararaq, 90 dəqiqəyə yaxın davam edən bu görüşün sirrini, orada əldə olunan anlaşmaların mahiyyətini açmağa çalışıb. Bu yazını hazırlayan müəlliflər Milli Şuranın Tiflis sammitini yaxından izləyən jurnalistləri və bir də 3 liderin - İsa Qəmbərin, Eldar Namazovun və Rüstəm İbrahimbəyovun məxfi xəbərlərdən bir parça da olca, paylaşa biləcəyi bir neçə şəxsi danışdırıb. Qeyri-rəsmi formatda aparılan söhbətlər nəticəsində onların fikir və mülahizələri, məlumatları əsasında görüşün içəriyini aydınlaşdırmağa çalışıb.
Tet-a-tet görüş - Eldar Namazov fotoqraf rolunda
Görüş barədə məlumatlarda istifadə edilən və eksklüziv hüququ minval.az saytında olan məlum şəkli Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov çəkib. İki liderin görüşünə heç bir media quruluşu buraxılmadığı üçün, bu tarixi kadrı hörmətli Eldar bəy ölümsüzləşdirmək məcburiyyətində qalıb. Daha sonra o, danışıqlar məkanını tərk edib. Qəmbər-İbrahimbəyov danışıqlarının getdiyi hoteldə növbə çəkən jurnalistlər və redaksiyamızın dostu olan bir neçə MŞ üzvü də bu faktı təsdiqləyirlər ki, liderlər danışarkən Eldar Namazov kənarda olub.
Təxminən bir saat sonra onun telefonuna zəng gəlib. İbrahimbəyov onu “Eldar, bura gəl”, deyə, yuxarıya, danışıqların getdiyi otağa çağırıb. Şok xarakterli olmasa da, bu detalı da qeyd edək ki, kinomuzun və siyasətimizin liderləri arasında danışıqlar Rüstəm bəyin hoteldəki odasında aparılıb.
Eldar Namazovla daha 30 dəqiqə
“Yeni Müsavat”ın müəllifləri aydınlaşdırıblar ki, liderlərin görüşü daha 30 dəqiqə uzanıb. Sonuncu 30 dəqiqə Eldar Namazovun iştirakı ilə keçirilib. Görüşün bu fraqmentinə dair heç bir görüntü yoxdur. İki liderin 1 saatlıq söhbətindən sonra daha bir liderin (ona da politologiyamızın lideri deyək) oraya dəvət olunması, danışıqlar bitəndən sonra isə Müsavat başqanının timsalında pozitiv açıqlamaların verilməsi düşündürücü detaldır. Məqalə müəllifləri bütün yarımfabrikat məlumatları və açıqlamaları, hər 3 şəxsin, onların yaxın çevrəsindəkilərin sonradan verdikləri bəyanatları bir araya toplayaraq, belə bir ssenari müəyyənləşdiriblər.
Rüstəm bəyin gəlməsinə çalışırıq, olmasa...
Müsavat başqanı özünün və partiyasının mövqeyini açıqlayıb:
Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməyə, özünün prezidentliyə namizəd olmaq iddialarından çəkilməyə hazırdır. Yetər ki, İbrahimbəyov Rusiya pasportundan qurtulsun və Bakıya gəlsin. Bunların baş verməsi üçün Müsavat Partiyası əlindən gələn hər cür dəstək verməyə hazırdır və sonuna qədər də bu variant üçün çalışacaq. İsa Qəmbər İbrahimbəyovdan bu mövzuda bir sıra detalları soruşur... Milli Şura rəhbəri məlumat verir ki, bu məsələ Putinin siyasi rəyinə bağlı qalıb; ona Kremldən bu cür də deyiblər; Putin istəməsə, olmayacaq.
Müxalifətin “B” variantı...
Müsavat başqanı Milli Şuranın Tiflis toplantısında olduğu kimi, təkbətək görüşdə də R. İbrahimbəyova israrla deyib ki, buradan - Tifılisdən Bakıya dönmək lazımdır. İbrahimbəyov bu məsələ ilə bağlı 10 gün zaman istəyib. Müsavat başqanı “15 gün də gözləyərik”, replikasını verib. Bundan sonra R. İbrahimbəyovun seçkilərə qatıla bilməyəcəyi və Bakıya dönüşünün mümkün olmayacağı təqdirdə demokratik qüvvələrin və konkret halda, Milli Şuranın nə etməli olduğu müzakirə edilib. Müsavat başqanı deyib ki, o, seçkilərin heç bir halda boykot olunmasını istəmir, buna da imkan verməyəcək. İbrahimbəyov seçkiyə qatıla bilməsə, Müsavatın və Milli Şuranın seçkidən kənarda qalmaması üçün təklifləri var. Həmin təkliflər müzakirə olunub. Təxmini plan belədir ki, İbrahimbəyov seçkilərə qatıla bilməsə də, müxalifətin əsas lideri və Milli Şuranın rəhbəri statusunu saxlayır. Bununla bərabər, seçkilərə qatılmaq iddiası göstərən Müsavat namizədini dəstəklədiyini bəyan edir, ona bacardığı qədər dəstək verir. Lakin Milli Şuranın qorunması və müxalifətin birləşmə mərkəzi statusunu qoruyub saxlaya bilməsi naminə, bu qurumu təsis edən digər siyasi partiyaların da iddiaçılarına tolerant yanaşılır. Müzakirələrin bu nöqtəsində Eldar Namazov mövzusu ortaya çıxır: Musavat başqanının təklifi ilə İbrahimbəyov Eldar Namazova zəng edir və onu otağına çağırır.
Bundan sonra müzakirələr üçlükdə aparılır. Xeyli öncədən, hələ yarım il əvvəldən İsa Qəmbərlə Eldar Namazov arasında bəzi anlaşma nöqtələrinin tapılması səbəbindən “müxalifətin ”B" variantı deyilə biləcək sxem üzərində ümumi şəkildə anlaşırlar. Bunun da təxmini məzmunu belədir - qarşıdakı prezident seçkilərində MŞ-nin vahid namizədi iştirak edə bilməyəcəyi təqdirdə, Müsavat başqanı İsa Qəmbər və EL Hərəkatının lideri Eldar Namazov, hər ikisi seçkilərdə iştirak üçün prosedurlara baş vururlar. Bu cür qərar verən digər Milli Şura üzvünə də maneçilik törədilmir. Prosedurlardan sonra seçkiyə kimlər qatılacaqsa, daha sonra seçkinin gedişatında onların göstərdikləri performansa və şanslara uyğun qərarlar veriləcək. Əgər hər hansı bir anlaşmaya varılsa, bundan sonra şansı daha çox olan iddiasında vahid namizəd kimi qalacaq; az şansı olan(lar) isə namizədliklərini öndə olanın xeyrinə geri götürəcək(lər).
Eldar Namazov Moskvaya təqdimata gedib...
Bundan sonra Müsavat başqanı Bakıya, Rüstəm İbrahimbəyovla Eldar Namazov isə Moskvaya qayıdıblar.
Müəlliflər yenə də eyni metodla təxmin ediblər ki, hörmətli Eldar müəllimi Moskvaya təqdimat üçün aparıblar. Rüstəm İbrahimbəyova stavka edən güclərin bəzi təmsilçiləri ilə Moskvada görüşən Namazov Bakıya ehtiyat namizəd kimi dönüb. Bu da o deməkdir ki, cənab İbrahimbəyovun “pasport problemi”nin öz həllini tapması mümkünsüz sayıla bilər. Rüstəm bəyi 2013 seçkilərində Eldar Namazov əvəz edəcək. Lakin MŞ-nin vahid namizədi kimi yox - EL Hərəkatının lideri kimi. Bu versiya da bizim Tiflis görüşündən öncə yazdığımız “İbrahimbəyovun prinsi” iddiasını təsdiq etmiş olur.
Məqalədə istifadə olunan “ədəbiyyat”...
Bir daha təkrar edirik ki, bu yazı məqalə müəlliflərinin 9 nəfər tanınmış siyasətçi, MŞ üzvü və jurnalistlərlə xüsusi sxem-suallar əsasında apardıqları söhbətlərin nəticəsi olaraq meydana çıxıb. Bizə kimsə birbaşa informatorluq etməyib. Biz söhbətlər və bir sıra materiallar əsasında bəzi qənaətlərimizi məntiqi ardıcıllıqla yazmışıq. İstifadə etdiyimiz “ədəbiyyat”dan biri də görüşdə iştirak edən və müəyyən açılamalar verən İsa Qəmbərin mətbuata xəsisliklə verdiyi ümumi bilgilərdir. Onları da bu cür ümumiləşdirib, təqdim edə bilərik:
***
İsa Qəmbər: “Çox faydalı görüş oldu. Rüstəm müəllimlə durumu hərtərəfli müzakirə etdik. Milli Şuranın seçkilərdə iştirakı, Milli Şuranın vahid namizədinə yaradılan əngəllər, onun namizəd kimi qeydiyyatdan keçməsi üçün hansı addımlar atılmasının vacibliyi geniş müzakirə edildi. Şəxsən mən söhbətdən çox razı qaldım. Hesab edirəm ki, Rüstəm müəllim də razı qalıb”.
“Rüstəm müəllimi bir yazar və intellektual olaraq 40 ildən çoxdur tanıyıram, Şəxsi tanışlığımızın da müddəti 25 ili ötüb. Təxminən 80-ci illərin axırlarında onunla tanış olmuşam və o vaxtdan onu müsbət qiymətləndirmişəm. Onunla bugünkü söhbətimdə müsbət mövqeyim daha da möhkəmləndi”.
İbrahimbəyov 1 ay öncə demişdi ki...
Bu məqamda hörmətli İbrahimbəyovdan da sitatlar verək. O, 5 iyul 2013-cü il tarixdə “Yeni Müsavat”a verdiyi müsahibəsində belə demişdi: “Mənə elə gəlir ki, hələlik heç lazım deyil ki, İsa bəy öz namizədliyini geri çəksin. Bakıda görüşərik, oturub götür-qoy edərik, fikirləşərik ki, nə yaxşıdır. Bəlkə bir-iki nəfər də başqa partiyalardan namizəd olacaq, yaxud əksinə, qərara gələcəyik ki, hamı öz namizədlərini geri çəksin. Bunlar gələcəyin işidir. Mən İsa bəyin namizədliyini heç də maneə kimi qarşılamıram. Mənim İsa Qəmbərə heç bir iradım yoxdur. ... Kimlərsə istəyir ki, bizim aramızı vursun. Məndən öncə Müsavat Partiyası İsa Qəmbərin namizədliyi barədə qərar verib və bu, partiyanın mövqeyidir. İndi o, niyə bundan imtina eləsin? Sonra ümumi strategiyaya baxarıq, məqsədimizə çatmaq üçün nə hərəkət lazımdırsa, onu da edərik”.
Ona verilən suallardan biri isə belə idi: “Rüstəm bəy, siz namizədliyinizin qeydə alınmayacağı təhlükəsini hiss etsəniz, yaxud qeydə alınmasanız, o halda İsa Qəmbərin prezidentliyə namizədliyinə dəstək verilməsi ilə bağlı Milli Şuraya çağırış edərsinizmi? ”
Rüstəm İbrahimbəyovun cavabı: “Mütləq! Mütləq! Mütləq! Axı biz bir iş görürük. Belə vəziyyət yaransa, Milli Şura və şəxsən mən əlimizdən gələni edəcəyik. ... Amma birdən mənim namizədliyim qeydə alınmasa, mütləq demokratik qüvvələrin nümayəndəsinə, İsa Qəmbər də hörmətli adamdır, demokratik qüvvələrin çoxdankı liderlərindən biridir, biz ona dəstək verəcəyik...” /Musavat.com/
DOSTLARINLA PAYLAŞ: