Yanvarın 24-dən 28-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Aydın Abbasov, Fəzail İbrahimli, Elxan Süleymanov, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sessiyada Azərbaycanda keçirilmiş son parlament seçkilərinin müşahidəsi barədə məruzə dinləniləcək, Assambleya sədrinin seçilməsi, insanlarla qeyri-insani davranış və Kosovada insan orqanları ilə qanunsuz alver, Avropa Şurasında islahatlardan sonra atılacaq addımlar, İnsan Haqlarına dair Avropa Məhkəməsi qərarlarının yerinə yetirilməsi, təşkilata üzv dövlətlərdə sağlamlıq siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
İclaslarda Milli Məclisin deputatları çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər. ANSPRESS
Milli Məclisin nümayəndə heyəti Strasburqa gedir
Millət vəkilləri AŞPA-nın qış sessiyasında iştirak edəcəklər.




Şərhlər