Mətbuat Şurası parlament seçkisi ilə bağlı monitorinq keçirəcək
27 Oktyabr 2010 Çərşənbə 12:30
Mətbuat Şurasının sədri Əflatun Amaşov: "Şura üzvləri jurnalistlərə yaradılmış şəraiti araşdıracaq".
Mətbuat Şurası parlament seçkisində jurnalistlərə yaradılmış şəraiti araşdırmaq üçün monitorinqə başlayacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
“Seçki ərəfəsi və seçki günü həmişə olduğu kimi Mətbuat Şurasının üzvlərindən ibarət monitorinq qrupu ayrı-ayrı bölgələrdə və paytaxtda seçki məntəqələrində olacaqlar. Jurnalistlər üçün yaradılmış şərait və onların hüquqlarından necə istifadə edə bildikləri barədə vəziyyət öyrəniləcək. Bütün bunlar həmin monitorinq qrupu tərəfindən müşahidə olunacaq. Əgər problem olarsa, tezliklə aradan qaldırılacaq”, - deyə Amaşov əlavə edib.
Onun sözlərinə görə, seçki günü səhər tezdən səsvermənin sonuna qədər Mətbuat Şurasının “qaynar xətt”i fəaliyyət göstərəcək. “Telefon nömrələri öncədən elan olunacaq. Həmin gün istər Bakıdan, istərsə də Azərbaycanın bölgələrindən kim müraciət etsə, həmin müraciətlər qeydə alınacaq. Problemlər olarsa, çalışacağıq yerində həll edək ki, jurnalistlərin informasiya almaq hüququ pozulmasın”, -deyə o bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: