Məntəqə seçki komissiyaları parlament seçiklərinə tam hazırdır
24 Oktyabr 2010 Bazar 00:00
Artıq məntəqələr bütün lazımı texniki vasitələrlə təmin olunub.
Məntəqə seçki komissiyaları noyabrın 7-də keçiriləcək parlament seçiklərinə tam hazırdır. Artıq məntəqələr bütün lazımı texniki vasitələrlə təmin olunub. Mərkəzi seçki komissiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun sözlərinə görə, şəffaf, daşınan və daşınmaz seçki qutuları, gözəgörünməz mürəkkəblər, ulturabənövşəyi şüa cihazları məntəqələrə paylanıb.
Seçki məcəlləsinin tələbinə müvafiq olaraq ölkədə keçirilən referendum və seçkilər zamanı vətəndaşlar qeydiyyatdan çıxma vasitəsilə istənilən ərazidəki məntəqədə səs verə bilərlər. Lakin prezident seçkilərindən və referendumdan fərqli olaran parlament və bələdiyyə seçkilərində bu prinsip fərqli həyata keçirilir: “Bir şəxs hansısa ucqar rayondan gəlib Bakıda çalışırsa və yaxud ezamiyyətdədirsə, həmin şəxslər öz səsverməli olduğu dairənin ərazisində səs verə bilər”.
Amma bu qaydalar məhkumlara və hərbçilərə aid deyil. Çünki onlar məhkumluğu və ya hərbi xidmətdə olduğu müddətdə müvəqqəti həmin rayonun sakininə çevrilirlər. Onlar həbsxananın və yaxud hərbi hissəsinin yerləşdiyi ərazini təmsil edəcək parlament üzvünə səs verirlər. Rövzət Qasımovun sözlərinə görə, bir seçicinin adı iki dairənin seçici siyahılarına düşməsi halına rast gəlinib.
“Biz bir dəfə belə halın şahidi olmuşuq. Azərbaycanda adı, atasının adı, soyad və doğum tarixi eyni olub. Bir dəfə yoxladıq və 18 belə halın şahidi olduq. Seçicinin bütün məlumatları eynidir. Sadəcə olaraq onların təvəllüdündə olan doğum günü və ayı yoxlayırıq, sonra belə halları həmin dairə və seçki komissiyası vasitəsi ilə bir daha yoxlayırıq. Həqiqətən də bu ad və soyad tam eyni olan şəxslər müxtəlif ərazilərdə və fərqli şəxslərdirsə, problem yoxdur. Eyni şəxslərdirsə, proqram təminat tapır və aradan qaldırılır”,- deyə qurum nümayəndəsi söyləyib.
Bu cür təsadüflər olsa da, seçici iki dəfə səs verə bilməz. Bunun qarşısını seçicinin barmağı mürəkkəbləndiyindən asanlıqla alınır. Rövzət Qasımov seçicilərə noyabrın 7-ə qədər adını seçici siyahısında olub-olmadığını yoxlamağı tövsiyyə edir. Bunu internet vasitəsilə etmək mümkündür. Seçici bunu MSK-nın internet saytında müvafiq linklə keçid edərək ad, atasının adı və soyadını, habelə dairə seçki komissiyasını, ünvanını göstərməklə edə bilər. Seçici siyahısında olmadığı aşkarlanarsa, seçici Mərkəzi Seçki Komissiyasının qaynar xəttinə və ya dairə seçki komissiyasına müraciət etməlidir. Qeyd edək ki, Azərbaycanda daimi yaşayan seçicilərin sayı 4 milyon 829 min nəfər təşkil edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: