MDB Müşahidə Missiyasının rəhbəri Azərbaycana gəlib
04 Noyabr 2010 Cümə Axşamı 22:30
Sergey Lebedev: "Seçki kampaniyası sabit keçir".
Noyabrın 7-də keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev bu gün Azərbaycana gəlib. MDB Müşahidə Missiyası Bakıda və regionlarda müşahidə apardıqdan sonra ikinci aralıq hesabat hazırlayıb. Hesabat barədə ANS-ə məlumat verən missiya rəhbəri deyib ki, seçki kampaniyası sabit şəraitdə keçir və hökumətin seçkilərə dəqiq, eləcə də diqqətlə hazırlaşdığı hiss olunur. Cənab Lebedevin sözlərinə görə, 7 MDB ölkəsindən 350-dək müşahidəçi Azərbaycana gəlməkdədir. Onlar paytaxtla yanaşı regionlardakı məntəqələrdə seçki prosesini izləyəcək.
"Ölkənin seçkilərə hazırlığı xoş təəssürat bağışlayır. Ümid edirik ki, seçkilər normal şəraitdə keçiriləcək və bunun nəticəsində parlamentdə ən layiqli şəxslər təmsil olunacaq. Hesab edirik ki, istər iqtidar, istərsə də müxalifətdən olan hər bir namizədə təbliğat-təşviqat kampaniyasında və KİV-ə çıxışda bərabər şərait yaradılıb. Bu məsələ ilə bağlı nə bizim missiyanın qərargahına, nə də MSK-ya elə ciddi şikayətlərin daxil olmaması belə deməyə əsas verir. Biz həmçinin Seçki Məcəlləsini analiz etmişik və hesab edirik ki, bu qanun Avropa norma və qaydalarına cavab verir. Təbii ki, hər qanunun xüsusiyyətləri var ki, burada Azərbaycanın maraqları nəzərə alır. Bu digər MDB ölkələrinin özəlliklərində də var. Amma əsas odur ki, bu xüsusiyyətlər əsas məsələyə, yəni vətəndaşların sərbəst ifadə azadlığına zidd deyil. Sizin məcəllə bu tələbə tam cavab verir”,- deyə MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: