İsmət Abbasovun Ermənistana səfərinin mənası varmı?
11 May 2010 Çərşənbə Axşamı 18:40
Rasim Musabəyov: "Bu səfər siyasi baxımdan heç bir məna kəsb etmir".
Kənd təsərrüfatı naziri İsmət Abbasovun rəhbərliyi altında BMT-nin tədbiri çərçivəsində Ermənistana gedən nümayəndə heyətinin səfəri respublikamızda birmənalı qarşılanmadı. İrəvanda FAO-nun növbəti iclasında 55 ölkə sırasında Azərbaycanın təmsil olunmasının bizim üçün önəmli olmasını bildirən Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev ANS-ə açıqlamasında İsmət Abasovun səfərini Dağlıq Qarabağ məsələsinin həllində müsbət rol oynayacağını bildirib. Məsələyə başqa aspektdən yanaşan Qarabağ Azadlıq Təşkilatı isə nazirin səfərini pisləyib. İsmət Abbasovun işğalçı Ermənistanın paytaxtına səfərini erməni siyasətinə xidmət kimi dəyərləndirən təşkilat üzvləri ermənilərin zəbt etdikləri əraziləri geri qaytarmayacağını bildirdiyi bir vaxtda bu səfərin yersiz olduğunu vurğulayıb.

Politoloq Rasim Musabəyov isə İsmət Abbasovun Ermənistana səfərinin Qarabağ münaqişəsinin həllinə heç bir təsirinin olmadığını bildirib. “Səfər nə danışıqlar aparılmaq üçün, nə də əlaqələrin qurulması üçün edilib. MDB çərçivəsində bu ilk səfər də deyil, indiyə qədər bir çox nümayəndələr Ermənistana səfər edib. Ermənilər də dəfələrlə Azərbaycana gəlib. Kənd təsərrüfatı nazirinin Ermənistana getməsi iki respublika arasında münasibətlərə faktiki heç bir təsir göstərməyəcək. Təbii ki, Azərbaycanda bu addım birmənalı qarşılanmayacaq. Elə qüvvələr var ki, buna öz narazılığını bildirəcək. Hökumət isə öz işini görəcək”, - deyə o vurğulayıb.

Rasim Musabəyov həmçinin səfərin siyasi baxımdan heç bir məna kəsb etmədiyini vurğulayıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar