İqbalı Ağazadə: “İsa Qəmbərin açıqlamaları Azərbaycan müxalifətini parçalamaq məqsədi güdmürmü?”
03 Fevral 2010 Çərşənbə 19:59
İqbalı Ağazadə: “Əgər İsa Qəmbərin əlində dəlillər varsa ortaya qoysun, hakimiyyət içindən gələn məlumatlar əsasında danışmağa ehtiyac yoxdur.
"Hakimiyyət daxilindəki mənbədən aldığı dezinformasiyalarla Azərbaycan müxalifətinin və seçicisinin taleyini bu şəkildə bərbad hala salmaq, nəticə etibarı ilə demokratik prinsiplərə belə zərbə vurmaq olmaz”. Bu sözləri APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin APA-ya müsahibəsində Müsavat Partiyasının rəhbərliyi ilə bağlı suallarının çox məntiqli olduğunu bildirən İ. Ağazadənin sözlərinə görə, İsa Qəmbərin bu ittihamlara verdiyi cavabların bir sıra məqamları ortaya çıxarıb: “Xüsusilə İsa Qəmbər bildirir ki, xüsusi xidmət orqanları bu barədə məlumatlıdır və öz məlumat mənbəyinin də hakimiyyətin içində olduğunu deyir. Əgər Azərbaycanın hansısa strukturu siyasi partiyalar içərisində agentura şəbəkəsinə xidmət edən və Azərbaycanın mənafelərini satan qüvvələrin olduğunu bilirsə, bu partiyaların heç biri məsuliyyətə cəlb olunmursa, onda həmin orqanlar və adamlar ciddi məsuliyyət daşımalıdırlar. İkinci bir tərəfdən İsa Qəmbər qeyd edir ki, onun informasiya mənbələri hakimiyyətin içindədir. Təbii ki, hakimiyyətin heç bir reaksiya vermədiyi və tədbir görmədiyi faktı ortadadırsa, deməli, bunlar yanlış informasiyalardır. Amma sual olunur, onda İsa Qəmbər bu informasiyaları səsləndirməklə, Azərbaycan müxalifətini parçalamaq niyyəti güdmürmü? 2010-cu il seçkiləri öncəsi İsa Qəmbərin çıxışından sonra partiyalar arasındakı münasibətlər hansı səviyyəyə gəldi?! Bu miqyasda münasibət nəticə etibarı ilə 2010-cu ildə seçkilərə birgə qatılmaq perspektivini çox aşağı endirir. Bu da onu deməyə əsas verir ki, İsa Qəmbərə belə informasiyalar düşünülmüş şəkildə verilir, o da bu informasiyaları tirajlayır”.
Qeyd edək ki, Lalə Şövkət APA-ya Müsahibəsində Müsavat Partiyasının başqanı İsa Qəmbəri müxalifətdə xarici ölkələrin xüsusi xidmət orqanlarına işləyən partiyaların olduğunu dilə gətirməsi ilə bu düşərgəyə böyük zərbə vurduğunu, bu partiyanın rəhbərliyini bolşevik təfəkkürlü üslubdan istifadə etməklə Müsavatın tarixinə xəyanət etdiyini bildirib. Buna cavab olaraq isə İ. Qəmbər “Yeni Müsavat” qəzetinə açıqlamasında müxalifətdə xarici ölkələrin agentlərinin olması barədə məlumatları hakimiyyətdəki mənbələrindən aldığını bildirib. O həmçinin bu açıqlamalarının hədəfə dəydiyini qeyd edib. APA
DOSTLARINLA PAYLAŞ: