İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
28 Mart 2013 Cümə Axşamı 14:34
Amangeldi Jumabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amangeldi Jumabayevin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Amangeldi Jumabayev etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Səfir Amangeldi Jumabayev Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırıb. Ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayan qazaxıstanlı diplomat əlaqələrimizin bundan sonra da möhkəmləndirilməsində səylərini əsirgəməyəcəyini deyib.

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin yaxın qonşu, dost və tərəfdaş olduğunu deyib.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev əlaqələrimizin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Son illər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Azərbaycanın da Qazaxıstan ilə əməkdaşlığın daha da genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.

Dövlət başçısı Prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib. Onun da salamlarını Qazaxıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar