Xızıda Heydər Əliyev mərkəzi və icra hakimiyyətinin yeni binası açılıb.
Xızıda Heydər Əliyev Mərkəzi açılıb. ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev açılışda iştirak edib. Mərkəzdə Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar toplanıb.
Mərkəzin tikintisinə 2013-cü ilin aprelində başlanıb. Mərkəzin foyesində ümummilli liderin büstü qoyulub. Mərkəzdə H.Əliyevlə bağlı kitablar, sənədlər və digər maraqlı eksponatlar sərgilənir. Binada, həmçinin Prezident İlham Əliyevin Xızıya səfərlərini əks etdirən fotolardan ibarət stend də maraq doğurur. Mərkəzdə də vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı və bununla bağlı mərasimlərin təşkili də nəzərdə tutulur.
Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunub. Burada sərgi salonu, kafe, istirahət və digər yardımçı otaqlar var. Mərkəzdə elektron kitabxana, kulinariya, xalq sənətkarlığı emalatxanası, musiqi və heykəltəraşlıq dərnəkləri fəaliyyət göstərəcək. Buraya gələnlər 3D kino zalından, pnevmatik tir zallarından istifadə edə bilərlər.
Prezident Xızı Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2013-cü ilin aprelində başlanılıb və bu ilin iyulunda başa çatdırılıb.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə də tanış olub. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri şəbəkəyə qoşulub.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.