İlham Əliyev: “Bizim torpaqlarımız başqa ölkələrin dəstəyi ilə işğal olunub”
28 Fevral 2010 Bazar 04:15
“Müharibə cinayətkarları dünyanı sərbəst gəzir, müxtəlif paytaxtlarda qəbul edilirlər”
“Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı yaddaşımızdan heç vaxt silinməyəcək”. Bunu prezident İlham Əliyev Qəbələdə məcburi köçkünlər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib. Onun sözlərinə görə, vaxtilə Ermənistan bu cinayətlə bağlı həqiqətləri gizlətməyə çalışsa da, bu gün Xocalı soyqırımı ilə bağlı bütün dünya məlumatlıdır. Amma dövlət başçısı hesab edir ki, bu, hələ işin birinci məhləsidir: “Biz çalışmalıyıq ki, Azərbaycan xalqına qarşı soyqırımında iştirak etmiş cinayətkarlar cinayət məsuliyyətinə cəlb olunsunlar. Əminəm ki, o gün gələcək və Azərbaycan xalqının qanına əli batmış bütün cinayətkarlar, bütün quldurlar cəzalarını alacaqlar. O ki qaldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycan öz səylərini davam etdirəcək. Biz çalışırıq və çalışmalıyıq, ölkəmizi hərtərəfli inkişaf etdirək, gücləndirək ki, danışıqlarda, ümumiyyətlə, Ermənistanla qarşıdurmada mövqelərimiz daha da güclənsin. Beynəlxalq müstəvidə buna nail ola bilmişik”.

Prezidentin sözlərinə görə, beynəlxalq hüquq Azərbaycanın mövqeyini dəstəkləyir: “Beynəlxalq təşkilatlar məsələnin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həll olunmasını təsdiqləyir. Bunu təsdiqləyən çoxsaylı beynəlxalq sənədlər var. Ancaq əfsuslar olsun ki, bütün bu səylərə baxmayaraq, məsələ öz həllini tapmır. Çünki qarşı tərəf - Ermənistan tərəfi məsələni uzatmaq istəyir. Status-kvo vəziyyətini saxlamaq istəyir və yaranmış vəziyyəti qanuniləşdirmək istəyir. Biz buna heç vaxt imkan verə bilmərik. Öz siyasi və diplomatik səylərimizi istənilən müstəvidə, istənilən formada davam etdirəcəyik. Həm beynəlxalq təşkilatlarda, həm ikitərəfli münasibətlərdə bu məsələ daim gündəlikdədir. Məsələ ilə məşğul olan həmsədr ölkələrin rəhbərləri ilə də mənim çoxsaylı görüşlərim olub. Bu görüşlər əsnasında Azərbaycanın haqlı mövqeyi daim vurğulanıb. Yəni, artıq bütün dünya bilir ki, Azərbaycan torpaqları işğal olunub, işğalçı dövlət işğal edilmiş torpaqlardan çıxmaq istəmir və məsələni uzatmaq istəyir. Biz isə buna heç cür imkan verə bilmərik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, biz istəmirik ki, müharibə yenidən başlasın. Ancaq eyni zamanda, özümüzü gücləndiririk, ölkəmizin hərbi-iqtisadi potensialını gücləndiririk və hər an torpaqlarımızı istənilən yolla düşməndən azad etmək üçün hazır olmalıyıq. Bunu etmək üçün bir daha demək istəyirəm ki, Azərbaycan güclü olmalıdır. Bugünkü dünyanın müxtəlif yerlərində baş vermiş hadisələr onu göstərir ki, güc amili həlledici rol oynayır”.

Prezident İlham Əliyev bildirib ki, beynəlxalq hüquq normaları böyük əhəmiyyət daşıyır və Azərbaycan müstəqil, suveren ölkə kimi bütün məsələlərin qanun çərçivəsində, dünyada qəbul edilmiş normalar əsasında həll olunmasını istəyir. Amma bu beynəlxalq qanun normaları pozulursa, onda demək olar ki, dünya birliyinin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətini tənzimləyən mexanizmlər işləmir: “Əgər dünyanın ən böyük, ən mötəbər təşkilatı - BMT-nin Təhlükəsizlik Şurasının, bu da BMT-nin ən vacib orqanıdır,- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnaməsi icra edilmirsə, onda hansı beynəlxalq hüquq normalarından danışmaq olar. BMT-nin Təhlükəsizlik Şurasının dünyanın aparıcı ölkələri olan 5 daimi üzvü var. Onlardan üçü Minsk qrupunun həmsədrləridir. Təhlükəsizlik Şurasının qətnamələri, eyni zamanda, əlbəttə ki, bütün BMT üçün əsas olmalıdır. Ancaq bu qətnamələrin qəbul edilməsində daimi üzvlər aparıcı rol oynayır. Daimi üzvlər istənilən qərara veto qoya bilərlər, yəni bu qərar onların qərarıdır. Nə üçün təxminən 20 il keçəndən sonra bu qərarlar icra olunmur?! Nə üçün işğalçı dövlətə ciddi xəbərdarlıq edilmir?! Nə üçün onlar təcrid olunmur?! Axı, onlar bütün beynəlxalq normaları pozublar, müharibə cinayətləri törədiblər. Xocalı soyqırımını törədiblər. Yüzlərlə günahsız Azərbaycan vətəndaşı həlak olub, vəhşicəsinə öldürülüb. Amma buna heç kim məsuliyyət daşımır. Müharibə cinayətkarları dünyanı sərbəst gəzirlər, onlar üçün şərait yaradılır. Onlar müxtəlif paytaxtlarda qəbul edilir. Onlar müharibə cinayətkarlarıdır. Biz görürük ki, bəzi başqa yerlərdə müharibə zamanı törədilmiş cinayətlərə görə quldurlar, cinayətkarlar beynəlxalq məhkəmələrə cəlb olunur, onlar ədalət qarşısında cavab verirlər. Amma, erməni quldurlarının sanki bir immuniteti vardır. Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Bu vəziyyət dözülməzdir”.

“Dünyada erməni lobbisinin imkanlarının, o cümlədən maliyyə imkanları var” deyən İlham Əliyev bəyan edib ki, onlar müxtəlif ölkələrdə bəzi riyakar və rüşvətxor siyasətçiləri də ələ alıblar: “Onlara pul verməklə, müxtəlif imtiyazlar yaratmaqla və o insanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməyə çalışırlar. Biz isə istəyirik ki, məsələ ədalətli, beynəlxalq hüquq əsasında həll olunsun. Bizim heç bir başqa ölkəyə ərazi iddiamız yoxdur. Halbuki bugünkü Ermənistan əzəli Azərbaycan torpağında yaradılıb. Buna baxmayaraq, bizim heç kimə qarşı ərazi iddiamız yoxdur. Biz istəyirik ki, bizim torpaqlarımız, qanuni torpaqlarımız, əzəli torpaqlarımız beynəlxalq birlik tərəfindən Azərbaycan torpaqları kimi tanınan torpaqlarımız, qayıtsın. Bizim vətəndaşlarımız, siz oraya qayıdasınız. Öz doğma torpağınıza qayıdasınız. Bizim istəyimiz budur. Bir tərəfdən bizə deyilir ki, məsələ sülh yolu ilə həll olunsun. Biz də bunun tərəfdarıyıq. Amma heç kim unutmamalıdır ki, ermənilər o torpaqları sülh yolu ilə zəbt etməyiblər. Bizim torpaqlarımız müharibə yolu ilə, başqa ölkələrin dəstəyi ilə işğal olunub. Baxmayaraq ki, o hadisələrdən artıq 20 ilə yaxın vaxt keçir, bunu heç kim unutmamalıdır. Azərbaycan vətəndaşları, gənclər, gənc nəsil bunu daim yadda saxlamalıdır. Yəni, ermənilər bunu zor gücü ilə ediblərsə, bizə nə üçün daim tövsiyə edilir ki, sülh yolu ilə həll olunsun. Mən bir daha demək istəyirəm ki, heç kim müharibə istəmir. Kim istəyər ki, indi müharibə olsun. Ancaq biz bu dözülməz vəziyyətlə nə qədər barışmalıyıq?! Nə qədər dünya ictimaiyyəti və bu məsələ ilə məşğul olan tərəflər belə təmkinli mövqedə olacaqlar?! Biz yaranmış bu vəziyyətlə barışa bilmərik. Status-kvo bizi qane etmir. Status-kvo dəyişməlidir və ədalətli dəyişməlidir. Erməni işğalçı qüvvələri bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır. Ondan sonra sülh və əməkdaşlıq yarana bilər. Bizim prinsipial mövqeyimiz bundan ibarətdir. Bu məsələ Azərbaycanın ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır və tapacaq. Sadəcə olaraq, biz istəyirik ki, bu, tezliklə olsun və ermənilər öz xoşu ilə işğal edilmiş torpaqlardan çıxsın”.

İlham Əliyev bildirib ki, bunun üçün Azərbaycan güclü olmalıdır. Çünki düyada gedən proseslər onu göstərir ki, kim güclüdürsə, o da haqlıdır: “Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük. Biz bu münaqişənin timsalında görürük ki, ədalətsizlik 20 ilə yaxındır davam edir və nə qədər də davam edəcək. Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik. İqtisadi inkişafımızı daha da gücləndirməliyik. Baxmayaraq ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. 2009-cu ilin yekunlarına görə dünya miqyasında bütün ölkələr arasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkə Azərbaycandır. Biz iqtisadi imkanlarımızı daha da gücləndirməliyik. Görülən bütün işlər bu məqsədi güdür”.

Dövlət başçısı deyib ki, Azərbaycan uğurlu inkişafını 2010-cu ildə də avam etdirəcək, qarşıda duran bütün vəzifələr icra ediləcək və ölkə qarşısında duran iqtisadi və sosial problemlər öz həllini tezliklə tapacaq. ANSPRES


DOSTLARINLA PAYLAŞ:

oyunlar