Hillari Klinton Qafqaza niyə gəlir?
02 İyul 2010 Cümə 15:40
ABŞ rəsmisi Hillari Klinton Azərbaycan müxalifəti ilə görüşməyəcək.
ABŞ-ın dövlət katibi Hillari Klintonun Şərqi Avropa ölkələrinə və Cənubi Qafqaza 5 günlük səfəri başlayır. Bu səfər bütün dünya ölkələri və analitik mərkəzləri tərəfindən diqqətlə izlənilir. Hamını daha çox bir sual düşündürür. Klinton Bakıda, İrəvanda və Tiflisdə nə deyəcək?

“Azadlıq” radiosunun analitik yazarı Xiter Maer öz yazısında bu səfəri sabiq birinci ledinin diplomatik bacarığının nümayişi kimi qiymətləndirib.

Azərbaycanda...

İyulun 3-ü axşam xanım Klinton Azərbaycanda olacaq. Bu, 1992-ci ildə ABŞ-ın dövlət katibi olmuş Ceyms Bekkerin səfərindən sonra ilk yüksək ranqlı səfərdir. ABŞ Dövlət katibi prezident, xarici işlər naziri və gənclərlə görüşəcək.

Azərbaycan Əfqanıstana getmək üçün tranzit ölkə sayılır. Orada yerləşən ABŞ hərbi bazalarını döyüş sursatı ilə təchiz etmək üçün daşınan əmlakın 25%-i Azərbaycan ərazisindən keçir. Nəzərə alsaq ki, Qırğızıstanda yaranmış siyasi böhran səbəbi ilə burada yerləşən ABŞ hərbi bazası olan “Manas”ın taleyi hələ qaranlıq qalıb, onda Azərbaycanın ABŞ üçün strateji əhəmiyyətinin nə qədər artdığı ortaya çıxar. Bu fakt yaxın günlərdə ABŞ-ın müdafiə naziri Robert Qeytsin Bakıya səfərində də qeyd edilib.
Öz növbəsində Bakı da ABŞ-dan dondurulmuş Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək istəyir.

Bundan əlavə, Azərbaycan regionun enerji siyasətində əsas oyunçu kimi qalır. ABŞ istəyir ki, regionda Rusiyanın dominantlığı yumşalsın. Bunun üçün isə “Nabucco” qaz kəmərinin tikilməsi vacibdir.

Ermənistanda...

Ermənistanda xanım Klintonun prezident Serj Sərkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müxalifət nümayəndələri ilə görüşü planlaşdırılıb.

İrəvanda daha çox Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılacaq. Xüsusilə son vaxtlar sərhəd bölgəsində baş verən narahatedici hallar, o cümlədən 18 iyundakı atışma müzakirələrdə dominantlıq təşkil edəcək.

Belə fərziyyələr irəli sürülürdü ki, 18 iyun hadisələri məhz Vaşinqtonun diqqətini cəlb etmək üçün törədilib və sülh danışıqlarının sürətləndirilməsi məqsədi daşıyır. Dövlət Departamenti Klintonun Ermənistana konkret hansı köməyi təklif edəcəyi barədə məlumat verməyib.

Ermənistanda müzakirə ediləcək ikinci bir vacib məsələ dayandırılmış Ermənistan-Türkiyə müzakirələridir. Bu məsələ Klinton üçün çox vacibdir. Çünki o, Sürix protokollarının imzalanmasında xüsusi rol oynayıb.

Gürcüstanda...

Hillari Klintonun Cənubi Qafqazda son dayanacağı Tiflis olacaq. Burada o, prezident Mixail Saakaşvili və xarici işlər naziri Qriqol Vaşadze ilə görüşəcək. Xanım Klinton Gürcüstan müxalifətinin nümayəndələri ilə də görüşəcək.

Gözləniləndir ki, Gürcüstanda diplomat xanıma deyiləcək ki, ABŞ Rusiyaya qarşı münasibətdə sözünün üstündə durmayıb. Bu, Saakaşvilinin işğal edilmiş ərazilərlə- Cənubi Osetiya və Abxaziyada atəşin dayandırılması ilə bağlı tələbləridir.

Obama və Medvedevin Vaşinqtondakı sonuncu isti görüşündən sonra dövlət katibinin daha çox diqqətli olacağı gözlənilir. O, Tiflisi inandırmalıdır lazımdır ki, Vaşinqton onun tərəfindədir, ancaq bunu Rusiyanı hirsləndirməmək şərtilə etmək üçün diqqətli olmalıdır.

Öz növbəsində iyunun 29-da Saakaşvili bəyan edib ki, Rusiya ilə heç bir şərt irəli sürmədən, münasibətlərin normallaşdırılması üçün ətraflı danışıqlara hazırdır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar