Etimad İsmayılovun məhkəməsi avqustun 24-də davam etdiriləcək
13 Avqust 2010 Cümə 14:25
Ədalət Partiyasının sədri İlyas İsmayılovun Rusiyada həbsdə olan oğlu Etimad İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək.
Bu barədə APA-ya İlyas İsmayılov məlumat verib. Onun sözlərinə görə, proses hakim xəstələndiyindən bir müddət təxirə salınıb: “Lakin bu, bəhanədir. Etimadın vəziyyəti yaxşıdır. Saxlanma yeri ilə bağlı da problemi yoxdur. Lakin məhkəmə prosesi uzadır. Prosesi avqustun 2-dək təxirə salmışdılar, indi də ayın 24-nə keçiriblər”.

Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. Partiya sədrinin oğlu 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.
Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar