Elmar Məmmədyarov Qriqol Vaşadze ilə görüşüb
19 Yanvar 2011 Çərşənbə 22:40
Elmar Məmmədyarov Qriqol Vaşadze görüşü zamanı 2011-ci il üçün perspektiv planlar müzakirə edilib.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə artıq ənənə halını almış ölkələr arasında münasibətlərə dair keçən ilin nəticələri qiymətləndirilərək, 2011-ci il üçün perspektiv planlar müzakirə edilib. Görüşdə
Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı və regionda enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlığın aparıldığı vurğulanıb. Bununla yanaşı iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərdə birgə mövqedən çıxış etməsi, xüsusilə də Avropa İttifaqı ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi məsələlərinin mümkünlüyü müzakirə olunub.
Tərəflər Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, regional layihələrin regionun inkişafına yönəldiyini vurğulayıb.
Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri hər iki ölkənin üzləşdiyi ərazi bütövlüyü problemi barəsində danışıb, münaqişələrin həllinə dair aparılan danışıq proseslərinin son durumu barədə biri-birini məlumatlandırıb.
Həmçinin görüş zamanı qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: