Əli Həsənov: "Seçkidə hər hansı çatışmazlığın olması təbiidir"
27 Oktyabr 2010 Çərşənbə 23:15
PA rəsmisi Əli Həsənov hesab edir ki, namizədlərin iştiraki ilə canlı teledebatlar keçirməyə ehtiyac yoxdur.
Seçki prosesində hər hansı bir qanun pozuntusu və çatışmazlığın olması təbiidir. Əsas bu halların seçkinin ümumi nəticəsinə təsir göstərməməsidir. Bu haqda Prezident Adminstrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənov ATƏT-in seçkini izləmək üçün ölkəmizə gəlmiş müşahidəçilərin yaydığı aralıq hesabata münasibətində deyib. Ə.Həsənov hesab edir ki, yayılan sənəddə haqlı məqamlar olsa da, düzgün təqdim edilməyən bəzi nüanslara da rast gəlinir.

“Hesabatda bizə qane edən və etməyən məsələlər var. İndi buna təfsilatı ilə toxunmağa ehtiyac yoxdur. Amma bəzi məsələlər var ki, onlar aydınlaşdırma tələb edir. Onların qarşısında fakt qoymağa ehtiyac var. Bütövlükdə qeydə alınma və təbliğata qədərki mərhələdə onları qane etməyən məsələlərə toxunulub. O cümlədən hakimiyyətin izahatı verilib”,- deyə o bildirib.

Dünənki görüşdə hansısa etiraz doğuran məqam olduğunu bildirən Əli Həsənov müşahidə missiyasını 3 əsas məsələnin maraqlandırdığını deyib: “Seçicilərin seçkidə azad iştirak, azad şəkildə öz ifadələrini ifadə etmək azadlığı, sonra azad yarış və namizədi seçmək imkanları. Siyasi mübarizə imkanları seçkinin nəticələrinin legitim şəkildə sənədləşməsi və qanuni şəkildə elan olumasıdır”.

Əli Həsənov qeyd edib ki, müşahidəçilər daha çox seçki prosesində müddətlərin qısaldılmasından narazılıq edir. Amma Azərbaycanda seçki prosesi 1995-ci ildən etibarən şəraitə uyğun formada mükəmməlləşdirilir və bu zaman Qərb dövlətlərinin təcrübəsindən istifadə olunur. Əli Həsənov hesab edir ki, namizədlərin iştiraki ilə canlı teledebatlar keçirməyə ehtiyac yoxdur. “Azərbaycanda parlament seçkiləri keçirilir və deputatlar öz dairələrində təbliğat aparmalıdır. Bütün respublika ərazisində yayımlanan televiziyalarda şou düzəltməyə ehtiyac yoxdur”,- deyə Əli Həsənov bildirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar