Əli Həsənov: “Dövlət qurumlarının rəhbərləri mətbuatla intensiv işləməlidirlər”
19 Yanvar 2011 Çərşənbə 00:45
Əli Həsənov: “Biz dövlət olaraq maraqlıyıq ki, nazirlərimiz, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının rəhbərləri bilavasitə mətbuatla təmasda olsun”.
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri dövlət qurumlarının rəhbərlərini mətbuatla intensiv işləməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
“Biz dövlət olaraq maraqlıyıq ki, nazirlərimiz, mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının rəhbərləri bilavasitə mətbuatla təmasda olsun. Ölkə başçısı İlham Əliyev və ümummilli lider Heydər Əliyev daim çağırışlar edib ki, mətbuatı, cəmiyyəti maraqlandıran dövlət qurumlarının səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı məlumatlar mütəmadi olaraq mətbuata çatdırılsın”, - deyə Əli Həsənov əlavə edib.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, əhalini narahat edən, maraqlandıran məsələlər haqqında birinci əldən məlumat verilməsində maraqlı olmalıyıq: “Biz bununla bağlı Prezident Administrasiyasına və bizim şöbəyə ünvanlanan bütün suallara cavab verməyə, eyni zamanda, müvafiq qurumları suallara cavab verməyə istiqamətləndirməyə hazırıq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: