Əli Əliyev: ““Azadlıq” blokunun qorunub saxlanması imkanlarını axtarırıq”
06 İyul 2010 Çərşənbə Axşamı 17:20
Əvəz Temirxan: “Əvvəlki dövrlə müqayisədə indi münasibətlərdə gərginlik xeyli azalıb”.
“Hazırda “Azadlıq” blokunda fərdlərin etdiyi səhvlər, buraxdığı nöqsanlar müzakirə olunur və biz məsələləri uzlaşdırmağa çalışır, problemin aradan qaldırılmasını istəyirik”. Bu fikirləri APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev söyləyib. O bildirib ki, blokdakı partiyalar arasındakı münasibətlər partiyanın aşağı strukturları ilə də müzakirə edilib: “Bizim istəyimiz odur ki, ayrı-ayrı fərdlərin etdiyi səhvlər bütövlükdə quruma daxil olan insanların taleyinə mənfi təsir göstərməsin. Blokun qorunub saxlanması imkanlarını axtarırıq və belə imkanlar var. İndiki vəziyyət kifayət qədər həssasdır və buna görə də onu mətbuata çıxarmaq istəmirik. Çalışırıq ki, daxili resurslar vasitəsi ilə problemi aradan qaldıraq. Çünki seçki öncəsi uzun yol keçmiş bir bloku xilas etmək hamımızın vəzifəsidir”.

Ə. Əliyev VİP və Liberal Partiyasının blok adından təyin olunmuş sonuncu mitinqə də qatılmadığını bildirib və qeyd edib ki, əslində bu, ümumi vəziyyətin tərkib hissəsidir: “Biz daxili qərarla sonuncu mitinqə qatılmadıq. Aksiya blok adından təyin olunmuşdu. Amma blokun tam gücü ilə fəaliyyət göstərməsi üçün problemlər aradan qalxmalıdır. Bizim blokdan çıxmaq niyyətimiz yoxdur, kimisə çıxarmaq fikrində də deyilik. Əgər blok olacaqsa, tam olacaq, olmayacaqsa da, heç olmayacaq”.

Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan isə bildirib ki, əvvəlki dövrlə müqayisədə indi münasibətlərdə gərginlik xeyli azalıb: “Problemlər həll olunur və mən bunun tam həll olunacağına ümid edirəm. Daxili təmaslar var, toplantılar, müzakirələr barədə geniş məlumat vermək fikrində deyiləm. Hazırda blokdaxili vəziyyət normaldır. Blokdan çıxmaq məsələsi isə olmayıb və indi də belə bir şey nəzərdə tutulmur. Ümid edirik ki, blok seçkilərə birgə gedə biləcək”. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar