Milli təhlükəsizlik naziri, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Eldar Mahmudov Azərbaycanda səfərdə olan Belçika Krallığının senatoru xanım Tilmans Conardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından ANS PRESS-ə daxil olan məlumata görə, Eldar Mahmudov Azərbaycanın 1988-ci ildən etibarən Ermənistan tərəfindən təcavüzə məruz qaldığını və nəticədə bir cox fəsadlarla, xüsusən də humanitar problemlə, insanlıq əleyhinə cinayətlərlə, vandalizm aktları ilə üzləşdiyini diqqətə çatdırıb.
Bununla bağlı ən başlıca problemlərdən birinin itkin düşmüş şəxslər və onların taleyi ilə əlaqədar məsələ olduğunu bildirən Eldar Mahmudov, həmin humanitar problemin nəticələrinin aradan qaldırılması işinin dövlət səviyyəsində daim diqqətdə saxlanıldığını bildirib. O, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb.
Belçika parlamentinin senatoru xanım Tilmans Conard isə qeyd edib ki, səfərləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsi barədə topladıqları obyektiv məlumatların, burada baş verən hadisələr və proseslərlə bağlı əsl həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması işində Azərbaycana öz dəstəklərini əsirgəməyəcəklər. Görüşdə humanizm prinsipləri və obyektivlik naminə birgə fəaliyyətin səmərəliliyi baxımından işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb. /ANS PRESS/