Barrozu Avropanın riyakarlığını üzə çıxarıb?
20 Yanvar 2011 Cümə Axşamı 22:00
Politoloqlar Avropa Komissiyası prezidentinin Bakıda verdiyi bəyanatın arxasından qaçmasını şərh edib.
Məlum olduğu kimi yanvarın 13-14-də Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun verdiyi bəyanatlar Avropa İttifaqının saytında ixtisarla yerləşdirilib. Barrozunun çıxışında təmsil etdiyi qurumun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə dedikləri komissiyanın rəsmi saytından sadəcə olaraq çıxarılıb.
“Biz istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilsin. ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Hər tərəflərin razılaşdığı variant ortaya çıxarsa, biz onu dəstəkləyəcəyik”,- deyə Barrozu prezident İlham Əliyevlə görüşündən sonra bildirmişdir.
Əlbəttə ki, buna təsadüf və ya rəsmi Bakının xoşuna gəlmək jesti kimi yanaşmaq olardı. Amma Barrozu Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini jurnalistlərdən gizlətməmişdi: “Biz təbii ki, Azərbaycan da daxil olmaqla, Avropa İttifaqının bütün müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyimizi nümayiş etdiririk”.
Lakin nə baş verirsə, Avropa Komissiyasının internet saytında Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barədə israrla bəyan edilən mövqe ixtisar edilib. Avropa Komissiyasının öz internet saytında Barrozunun Bakıda verdiyi bəyanatın rəsmi Bakı üçün prisipial hissəsini nümayişkəranə şəkildə çıxarması nəticədə Azərbaycan Xarici İşlər Nazirliyini bəyanat verməyə məcbur edib.
Məsələyə münasibət bildirən politoloqlar isə hesab edir ki, Avropa Komissiyası prezidentinin Bakıda verdiyi bəyanatın arxasından qaçması qurumun ikili standartların təsiri altında olmasından irəli gəlir. Politoloq Ərəstun Oruclu bildirib ki, Barrozunun səfərinin əsas məqsədi Azərbaycanla Avropa aparasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair memorandum imzalamaq idi: “Bunun da xatirinə o, Bakıda Avropa Birliyinin hansısa pərdəarxası prinsiplərindən kənara çıxaraq müəyyən revernslar edib. Sadəcə olaraq bu həmin Avropa Birliyinin prinsiplərində nəzərdə tutulmadığından onun Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Bakıda verdiyi bəyanat səfərin stenoqramından çıxarılıb. Bu da Avropa Birliyinin Azərbaycana münasibətindəki riyakarlığını göstərir”.
Siyasətçi Rasim Musabəyov isə hesab edir ki, burada nə deyilibsə, o da yazılıb və bundan qaçmaq mümkün deyil. Politoloqun fikrincə, burada erməni lobbisinin təsiri ola bilər. “Ancaq Barrozu Bakıya gəlib “Nabukko” layihəsi bağlı razılıq əldə etmək istəyirsə, anlamalıdır ki, bu, Azərbaycan üçün Rusiya və İranla bağlı münasibətlərdə riskdir. Barrozu anlamalıdır ki, burada gəlib bir söz deyib, nəyisə qazanmaq məqsədi ilə sonradan orada valı dəyişəcəksə, Azərbaycanın da bu valı dəyişmək üçün xeyli imkanları var”,- politoloq əlavə edib.
İstənilən halda baş vermiş insident Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərə, xüsusən qaz sahəsində anlaşmalara və o cümlədən “Cənub dəhlizi” layihəsi çərçivəsində əldə edilmiş razılaşmalara təsirsiz ötüşməyəcək. Əslində Avropa heç bir ölkə, o cümlədən Azərbaycanla münasibətlərdə siyasi mədəniyyət qaydalarını pozmamalıdır. Beləliklə, Bakıda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, geri dönəndən sonra isə bu mövqenin arxasından qaçan Barrozunun mövqeyi və ya mövqesizliyi Azərbaycanın uzun illərdir ki, əziyyət çəkdiyi ikili standartların bariz nümunəsi kimi maraq doğurur. Söhbət həm də dövlət maraqlarından gedir. Azərbaycan mövcud mürəkkəb siyasi şəraitdə dostunu və düşmənini yenidən müəyyənləşdirmək ərəfəsində olan bir ölkə kimi bəzi məsələlərə yenidən baxmaq hüququnu özündə saxlayır. Belə çıxır ki, “Nabukko” ilə gələcək qaz Avropaya lazımdır, amma bu qazın çıxacağı ölkənin ərazisinin bütövlüyü yox. Amma belə olmur... ANSPRESS
DOSTLARINLA PAYLAŞ: