Bakı Enerji Yay Məktəbi fəaliyyətə başlayıb
03 İyul 2010 Şənbə 14:40
Azərbaycan Diplomatik Akademiyasının 4-cü “Bakı Enerji Yay Məktəbi” işə başlayıb.
Akademiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyul ayının 3-dən 17-nə kimi keçiriləcək tədbirdə dünya və Azərbaycan enerji bazarında mövcud olan meyllər, yeniliklər, enerji bazarının hüquqi, iqtisadi və ekoloji aspektləri, transmilli yerli və xarici neft şirkətlərinin fəaliyyət istiqamətlərini araşdıracaq.

Yay məktəbində ABŞ-ın Harvard, Rays və Amerikan Universitetlərinin, ADA-nın, İsrailin, Britaniyanın, Fransanın tanınmış professorları məruzə oxuyacaqlar. Bununla yanaşı ExxonMobil, TOTAL, Schlumberger, Itochu, RWE, SOCAR, BP-nın mütəxəssisləri neft və qaz sənayesinin praktiki məqamları barədə öz təcrübələri ilə bölüşəcəklər.

ADA-nın 4-cü Yay Məktəbində yerli neft və qaz sahəsinin aparıcı simaları, xarici siyasəti müəyyən edən rəsmilər, o cümlədən enerji və sənaye naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov ve digərləri çıxış edəcəklər.

Bu il Yay Məktəbində 160 namizəd arasından 41 iştirakçı təhsil almaq hüququ qazanıb. Onlar Türkiyə, Polşa, Macarıstan, ABŞ, Malayziya, Mozambik, Yunanıstan və sair ölkələri təmsil edirlər. Xarici tələbələr yalnız akademik mühiti təmsil etmir, onlar həm də neft və qaz şirkətlərinin işçiləri və dövlət qurumlarının təmsilçiləridir.

Azərbaycanda qalacaqları 15 gün ərzində tələbələrin ölkəmizin tarixi və mədəniyyəti, neft sənayesinin keçmişi və bu günü ilə yaxından tanış olmaları üçün rayonlara və tarixi əhəmiyyət kəsb edən ərazilərə səfərlər də nəzərdə tutulub. Ümumiyyətlə Yay Məktəbinin 4 illik fəaliyyəti dövründə enerji sahəsi ilə peşəkar səviyyədə məşğul olan 100-dən çox mütəxəssis burada təhsil alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar