Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Hindistanda işgüzar səfərdə olub
07 Dekabr 2009 Bazar Ertəsi 18:35
Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov Hindistanda işgüzar səfərdə olub.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Vaqif Sadıqov Hindistanın paytaxtı Nyu-Delidə Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi və Hindistanın Dünya Münasibətləri Şurasının birgə təşkil etdikləri Azərbaycan Respublikasının diplomatik xidmətinin 90-cı ildönümünə həsr olunmuş “Azərbaycan – Hindistan əməkdaşlığı: perspektivlər və çağırışlar” adlı konfransda iştirak edib. Konfransda “Hindistan və Azərbaycan arasında tarixi bağlılıqlar”, “İqtisadi və enerji sektorunda Hindistan-Azərbaycan əməkdaşlığı” mövzularla əlaqədar bir sıra tədqiqatçı, dövlət məmurları və diplomatlar məruzələrlə çıxışlar ediblər. “Regional təhlükəsizlik, əməkdaşlıq və əməkdaşlıq naminə gələcək imkanlar” mövzusuna həsr olunmuş hissədə nazir müavini V. Sadıqov Azərbaycanın xarici siyasət prioritetləri, ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində apardığı fəaliyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixi, cari vəziyyəti və nizamlanması prosesi barədə mühazirə ilə çıxış edib.

Səfər çərçivəsində nazir müavini Vaqif Sadıqov bir sıra işçi görüşlər də keçirib. Hindistanın xarici işlər nazirinin müavini xanım Parbati Sen Vyasla ilə görüş zamanı tərəflər Azərbaycan və Hindistan arasındakı ikitərəfli və çoxtərəfli formatda həyata keçirilən münasibətlərin cari vəziyyətini müzakirə edib, hər iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu və onun effektiv istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Vaqif Sadıqov Hindistan Parlamentinin Baş Katibi Şri Açari ilə də görüş keçirib. Görüş zamanı ölkələr arasındakı münasibətlərin cari vəziyyəti və perspektivləri, parlamentlərarası münasibətlər və onların daha da fəallaşdırılması yolları müzakirə olunub. Həmçinin Vaqif Sadıqov Hindistanın Neft və Qaz nazirinin müavini R. S. Pandeya, Hindistan mədəniyyət nazirinin müavini Javahar Sirsar, Hindistanın turizm nazirinin müavini Sucit Banerci, Hindistanın informasiya texnologiyası katibi Rakeş Singh, Telekommunikasiya Departamentinin Katibi P. J. Tomas ilə də görüşüb. Görüşlərdə müvafiq sahələr üzrə münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bütün görüşlərdə Azərbaycanın Hindistandakı səfiri Tamerlan Qarayev də iştirak edib. Səfərin sonunda nazir müavini Vaqif Sadıqov bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar