Azərbaycan prezidenti İordaniya kralını qəbul edib
16 May 2010 Bazar 16:00
Mayın 16-da Azərbaycanda rəsmi səfərdə olan İordaniya kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub. APA-nın məlumatına görə, İordaniya kralını Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri kral II Abdullaha, İordaniya nümayəndə heyətinin üzvləri isə prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti və İordaniya kralının təkbətək görüşü olub. Görüşdə Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bu səfərin əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyi bildirilib. Dövlət başçıları ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Təkbətək görüş başa çatandan sonra Azərbaycan prezidenti və İordaniya kralının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olub.

Geniş tərkibdə görüşün ardınca Azərbaycan prezidenti və İordaniya kralı mətbuat üçün bəyanatlarla çıxış ediblər. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar