ATƏT-in müşahidəçiləri Milli Məclisdə olublar
23 Oktyabr 2010 Şənbə 21:25
Beynəlxalq müşahidəçiləri parlamentin spikeri qəbul edib.
Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) parlament seçkiləri üzrə müşahidə missiyasının üzvlərini qəbul edib.
Milli Məclisdən verilən məlumata görə, spiker tərəflər arasında sıx əlaqələrin mövcudluğundan danışıb. O.Əsədov bildirib ki, artıq 15 ilə yaxındır ki, bu təşkilat Azərbaycanda keçirilən seçkiləri müşahidə edir və Avropanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən ATƏT-lə əməkdaşlığın dərinləşməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Spiker Azərbaycanın parlament seçkilərinin demokratik, şəffaf və azad şəraitdə keçirilməsində maraqlı olduğunu vurğulayıb və bu məqsədlə lazımi tədbirlərin görüldüyünü qeyd edib. Bu məqsədlə parlament müvafiq qanunvericilik aktlarına bir sıra dəyişikliklər edib, qanunların Avropa standartlarına uyğunlaşdırılması üçün iş aparılır. O.Əsədov ATƏT-in müşahidə missiyasının seçki prosesinə obyektiv mövqedən yanaşacağına inamını ifadə edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri üzrə müşahidə missiyasının rəhbəri xanım Odri Qlover öz növbəsində seçki ilə əlaqədar Azərbaycanda keçirdiyi görüşlərdən danışıb. Onun təmsil etdiyi qurum namizədlərin qeydə alınması ilə əlaqədar artıq ilkin hesabatı təqdim edib. Missiya üzvləri prosesi izləməkdə davam edirlər.
Görüşdə həmçinin müşahidə missiyasının üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib.
anspress
DOSTLARINLA PAYLAŞ: